Bakıda lift şaxtasında intihar: 58 yaşlı kişi özünü güllələdi
Bakıda intihar hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Parlament prospekti-1 ünvanındakı binanın doqquzuncu mərtəbəsində - lift şaxtasının otağında qeydə alınıb.
Ov tüfəngi ilə özünü güllələyən şəxsin 1958-ci il təvəllüdlü Ziyafət Paşa oğlu Hüseynov olduğu müəyyən edilib. Axşam saatlarında yaşadığı binanın lift şaxtasına çıxan şəxs özünü güllələyib.
Hadisə yerində olan APA TV-nin əməkdaşlarına mərhumun qonşuları və yaxınları Hüseynovun sakit təbiətli adam olduğunu bildiriblər. 7 qardaşı olan Hüseynovun özünün və atasının vaxtilə hüquq-mühafizə orqanlarında işlədiyi bildirilir.
Ailəsində heç bir problemi olmayan Hüseynovun intihar etməsini qohumları təəccüblə qarşılayıblar. Səhhətində cüzi narahatlıq olsa da, yaxınları ölümün xəstəliklə bağlılığını inkar edirlər. Mərhumun 2 övladı var. Onlardan biri ötən il ailə qurub. Hadisə yerindən kiçik əlyazmanın tapıldığını deyənlər də var. Ailə üzvləri isə hadisə ilə bağlı danışmaq istəmədiklərini bildiriblər.
Faktı Yasamal rayon Prokurorluğu araşdırır.