Vəkil: "ORXAN ZEYNALOV günahını etiraf edib"
Yeqor Şerbakovun qətlində təqsirləndirilən Azərbaycan vətəndaşı Orxan Zeynalov günahını qismən etiraf edib. “RİA Novosti”nin verdiyi xəbərə görə, bunu onun vəkili Viktor Anikuşkin deyib.
Vəkil bildirib ki, müdafiəçisi olduğu şəxs bunu qətl saymır, sadəcə olaraq, O. Zeynalov özünü müdafiə etdiyini söyləyib: “Hər şey söz atmaqdan başlayıb, zərərçəkən Zeynalovu təhrik edib, bundan sonra o, Şerbakovu vurmağa başlayıb”.
Hadisə bu il oktyabrın 10-da Moskvanın Qərbi Biryulevo rayonunda baş verib.
Bu arada Moskva meri Sergey Sobyanin paytaxtın Cənub dairəsinin prefekti Georgi Smoleyevski və Qərbi Biryulevo rayonunun rəhbəri Viktor Leqavini vəzifələrindən kənarlaşdırıb, Cənub-Şərq dairəsinin prefektinə isə töhmət verib.
S. Sobyanin bildirib ki, Moskva rayonlarının rəhbərləri nəzarət etdikləri ərazilərdə kütləvi qanun pozuntularına görə şəxsi məsuliyyət daşımalıdır: “Pokrov meyvə-tərəvəz bazasında aşkara çıxarılmış pozuntulara görə də yerli rəhbərlər məsuliyyət daşıyır. Formal baxımından buna onlar cavabdehlik daşımaya bilər, lakin biz təlimatların arxasına sığına bilmərik. Sizlər mənim qarşımda cavabdehsiniz, mən isə baş verənlərə görə bütün moskvalıların qarşısında cavabdehəm”.