“Ulduz” fabriki “Qida təhlükəsizlik platin” nişanına layiq görülüb

"Ulduz" istehsalat prosesinə "Veqa" şokoladlarını yerli bazara təqdim etməklə başlayıb. Tez bir zamanda istehlakçılar tərəfindən sevilən məhsulların sayı günbəgün artıb. Fabrik yerli bazara yeni bir ad - "Ulduz" şokoladlarını təqdim etməklə öz mövqeyini bir qədər də artırıb. Keyfiyyətli məhsul, zövqləri oxşayan qablaşdırma, sərfəli qiymət, yüksək səviyyədə xidmət müştərilərin sayının artmasına səbəb olub.

 

Fabrikin yenilikləri bununla bitmir. Fabrik balacaların zövqünü oxşamaq üçün "Cırtdan" adlı məhsulun istehsalına başlayacaq.

 

Direktor Vüsal Şərifovun sözlərinə görə, Azərbaycan bazarında təmsil olunan “Tango” 1853 marka arasında keçirilən keyfiyyət turunda birinci yerə layiq görülüb və qızıl medal alıb: "Bununla yanaşı ən dəyərli məhsulumuz olan “Xonça”nın 3 məhsulu qızıl medala layiq görüldü. Demək olar ki, sərgi iştirakçıları bu məhsulu böyük heyrətlə qarşıladılar. MDB məkanında belə bir məhsulun istehsal edilmədiyini dedilər”.
 

APA TV-nin xəbərinə görə, noyabrın 1-də fabrik daha bir fərqlənmə nişanı ilə təltif edildi. Bu, Azad İstehlakçılar Birliyi tərəfindən təsis edilən Azərbaycan İstehlakçılarının Qida Təhlükəsizliyi adlı keyfiyyət nişanıdır. Birlik sədri Eyyub Hüseynov bildirib ki, bu nişanı almış mallar dünyanın 150 ölkəsində, o cümlədən Azərbaycan istehlakçıları arasında təbliğ olunacaq: "Qeyd etdiyim kimi bu, dünya istehsalçıları üçün ilk təcrübədir. “Ulduz” fabriki “Qida təhlükəsizlik platin” nişanına layiq görüldü. Bu, keyfiyyət nişanıdır və yerli istehsal mallarına verilir”.

 

Eyyub Hüseynovun sözlərinə görə, istehlakçı hüquqlarını qoruyan təşkilatların növbəti toplantısında keyfiyyət nişanı alan mallar təqdim ediləcək. Toplantı gələn ilin mayında Ermənistanda keçiriləcək.

 

Müəllif | Apa.Tv