İdxal olunan güllərin arasından 210 KİLO NARKOTİK TAPILDI - ƏMƏLİYYAT
Son günlərdə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz daşınması ilə məşğul olan şəxslər ifşa edilib, onlardan ümumilikdə 212 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi və Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi birgə əməliyyat tədbiri nəticəsində, 1967-ci ildə Göyçay rayonunda anadan olmuş, Rusiya vətəndaşı Abdullayev Nadir Məhəmməd oğlu və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə 210 kiloqram həşişi Moskvaya apararkən yaxalanıblar. Həmin narkotik vasitələr əvvəlcədən əldə olunmuş razılığa əsasən, qaçaq yolla Avropa ölkələrindən birinin ərazisinə keçirilib və sonradan oradan satış üçün Rusiyaya idxal olunan güllərin içərisində gizlədilib.
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş digər əməliyyat tədbiri nəticəsində “İran-Azərbaycan” marşrutu üzrə narkotiklərin qanunsuz daşınmasının qarşısı alınıb, Azərbaycan vətəndaşları - Məmmədova Leyla Həsən qızı və Qodunova Lyubov İvanovna şübhəli şəxs qismində tutulublar. Onlardan təxminən 205 qram heroin götürülüb.
Nazirliyin həyata keçirdiyi daha bir əməliyyat tədbiri nəticəsində “İran-Azərbaycan” marşrutu üzrə narkotiklərin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan - Allahverdiyev Vüsal Natiq oğlu, İsmayılov Yasim Yusif oğlu və Məmmədov Məhəmmədli Elgiz oğlu şübhəli şəxs qismində tutulub. Onlardan 1 kiloqram 762 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Bütün faktlarla bağlı cinayət işləri başlanıb, adları çəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib.