Bakıda Argentina Günü
Azərbaycan Diplomatik Akademiyasında Argentina Günü keçirilib. Azərbaycan və Argentina arasındakı diplomatik əlaqələrin 20 illiyinə həsr olunmuş tədbirdə ADA-nın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev, Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə, Argentinanın Azərbaycandakı səfiri Karlos Riva, digər rəsmi şəxslər yerli və xarici tələbələr iştirak ediblər.
Hafiz Paşayev çıxışında iki ölkə arasında əlaqələrin 20 ildə keçdiyi inkişaf mərhələsindən danışıb. O, rəhbərlik etdiyi universitetlə Argentinanın təhsil ocaqları arasında əməkdaşlıq əlaqələrinin qurulduğunu deyib. Rektorun sözlərinə görə, ADA-nın iki əməkdaşının bu ilin avqust ayında Argentinaya reallaşan səfəri zamanı "La Plata" universiteti ilə əməkdaşlıq müqaviləsi imzalanıb. bu müqavilələr tələbə mübadiləsini, birgə proqramları, araşdırmaların keçirilməsini özündə əks etdirir.
Argentinalı tələbə Noemi Rabbianın ölkəsi haqqında məlumatlandırıcı təqdimatı olub. Təqdimatda o Argentinanın Azərbaycandan 32 dəfə böyük olduğunu və iki ölkə arasındakı məsafənin 13765.5 km olduğunu deyib. Azərbaycan 1992-ci ildə Azərbaycanın müstəqilliyini tanıyıb, bir il sonra isə diplomatik münasibətlər qurulub.
Daha sonra Argentinanın Rozaryo və Buenos Ayres universitetləri ilə Ada arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Daha sonra mərasim çıxışlarla davam etdirilib. Azərbaycanın Argentinadakı ilk səfiri olan Məmməd Əhmədzadə bu kimi tədbirlərin Azərbaycan və Argentina arasında mədəni, siyasi, sosial və iqtisadi əlaqələri daha da yaxın edəcəyini bildirib. Azərbaycanın Argentinada və ötən il Argentinanın Azərbaycanda səfirliklərinin açılmasından sonra bu əlaqələrin inkişaf etdiyini və qarşılıqlı yüksək səviyyəli səfərlərin təşkil olunduğunu xatırladıb.
Tədbir müzakirələrlə davam etdirilib.