Min dərdin dərmanı - faydalı bitkilər
Azərbaycanda “xalq təbabəti” deyilən sənət olub. Olub deyəndə, elə indi də var. Amma tibb elminin sürətli inkişafı bu sahəni bir qədər geridə qoyub. Obyektivlik naminə demək lazımdır ki, xalq təbabəti ilə ciddi məşğul olan adamların da sayı azalıb. APA TV-nin Lahıcda çəkilişləri zamanı məlum oldu ki, otların, çiçəklərin dilini bilən insanlar hələ də var.
Natiq İsmayılov bitkilərin ndan bitkilərin adını sayır: “Bu, “zvereboy”du, çay kimi dəmləyib içmək faydalıdır. Həm uşaqlarda, həm də böyüklərdə qarın ağrısının dərmanıdır. Bu da kəklikotudur, çayını dəmləyib içirlər”.
Natiq İsmayılovla söhbətə qədər mən elə bilirdim ki, kəklikotunun daim istifadə elədiyimiz bircə növü var.
“Bir ovuc götürürəm. Əlimdə kəklikotunun 4 növü var və hərəsinin özünəməxsus xoş ətri var”.
Natiqin dediyinə görə, kəklikotunun 10-a qədər növü var. Bunların çoxu xalq təbabətində və gündəlik həyatda istifadə üçün yararlıdır. Digər növlər də kəklikotu adlanır amma əslində, yabanı bitki sayılır.
“Bu əlinizdəki “bəy kəklikotu” adlanır. O biri isə “dağ kəklikotudur”. “Dağ kəklikotu” 1300 metr hündürlükdə bitir. “Bəy kəklikotu” adlanan bitkiyə nadir halda rast gəlinir. Keçmişdə bu bitkini xüsusi olaraq bəylər üçün toplayıb gətirərlərmiş”.
Həmsöhbətim deyir ki, kəklikotunun bu növünü səhər tezdən, gün çıxmamış dərmək lazımdır ki, sərib qurudanda çiçəkləri və yarpaqları tökülməsin.
Bütün bitki növləri, həmçinin zəfəran gülü də kiçik həcmli stəkanlarla ölçülüb satılır. Bir stəkan çiçəyin qiyməti bir manatdır. Təzyiqi yüksək olanlar keyfiyyətli və saf sumax bitkisindən bir qaşıq çeynəməlidir. Əgər faydası olmasa, deməli, sumax keyfiyyətli deyil.
İtburnu çiçəyinin faydalı olduğunu bilirdim. Yəqin çoxları onun qan təzyiqindən əziyyət çəkənlər üçün xeyirli olduğunu bilir. Amma ondan mürəbbə hazırlandığını görməmişdim.
“Bu, itburnu çiçəyinin mürəbbəsidir. Çiçəyi səhər tezdən toplayıb, günün altında rəngini dəyişənə, yəni gündə bişənə qədər gözləmək lazımdır. Sonra ondan mürəbbə bişirmək olar. Bu mürəbbə ürək xəstəliyinin dərmanıdır”.
Qırxbuğum, qatırquyruğu adlanan bu ot isə böyrək ağrısından əziyyət çəkənlər üçün faydalıdır. Cücəotu adlanan bitki də eyni məqsədlə istifadə oluna bilər. Amma qırxbuğumdan fərqli olaraq, cücəotunu hər böyrəyi ağrıyan istifadə edə bilməz. Əgər böyrəyinizdə böyük ölçülü böyrək daşı varsa, cücəotundan istifadə etmək həmin daşı tərpədə bilər. Bu isə təhlükəlidir.
“Bu yemişandır, bu da yemişanın tumudur. Yüksək təzyiqli xəstələr üçün tövsiyə olunur. Heç bir əks təsiri yoxdur”.
Qaraqınıq, ya da dağ nanəsi deyilən bitkini isə qaraciyəri xəstə olanlar dəmləyib içə bilərlər. Öskürəyin dərmanı olan gülxətmi isə uşaqdan böyüyə qədər hamının tez-tez yoluxduğu qrip virusundan qorunmaq üçün tövsiyə olunur. Gülxətmi asma və bronxial xəstəliklərdən əziyyət çəkən insanlar üçün də faydalıdır. Tumtuma deyilən bitkini döydükdən sonra bir stəkan bala qatıb alınan məhluldan gündə bir qaşıq istifadə etmək mədə bağırsaq xəstəliklərinə xeyirlidir. Bu dərmanla mədə xorasını da müalicə etmək olur.
Ərinmiş yağda həvəgülü kolunun çubuqlarını qızardıb yağın rəngi dəyişəndən sonra adi yağ kimi bütün yeməklərdə istifadə etmək həzm prosesini yüngülləşdirir və yeməklərə xüsusi dad verir. Qurdqovan otu adından da göründüyü ki, bağırsaqlarda və mədədə qurdların təmizlənməsinə kömək edir. İlanın zəhləsi gedən yarpızın da faydası böyükdür. Xüsusən də şəkərli xəstələr üçün yarpızı gündə bir dəfə dəmləyib içmək çox faydalıdır. Əsas odur ki, xəstələnməyək. Sadaladığımız bitkiləri isə sadəcə profilaktika üçün, yəni xəstələnməmək üçün istifadə edək.