Konstantin Zatulindən Azərbaycanın ünvanına təhqir!
Moskvada “Gülüstan” sülh müqaviləsinin 200 illiyinə həsr olunmuş beynəlxalq konfransda Rusiya Dövlət Dumasının keçmiş deputatı, MDB Ölkələri İnstitutunun direktoru Konstantin Zatulin Qarabağ xanlığını erməni xanlığı adlandırıb.
APATV-nin Moskva müxbirinin verdiyi xəbərə görə, Rusiya Prezident Administrasiyasının İşlər İdarəsinin balansında olan “Prezident” hoteldə keçirilən konfrans MDB ölkələri İnstitutu və Rusiya Erməniləri Birliyi tərəfindən təşkil olunub. Tədbirdə Rusiya Strateji Araşdırmalar İnstitutunun, Ermənistan Xarici İşlər Nazirliyinin, separatçı Dağlıq Qarabağ rejiminin təmsilçiləri, Rusiyadakı erməni diasporu, rusiyalı politoloqlar və tarixçilər iştirak ediblər.
Azərbaycan əleyhinə bəyanatların səsləndiyi tədbir 5 saatdan çox davam edib. Tədbiri giriş sözü ilə açan Konstantin Zatulin “Gülüstan” sülh müqaviləsinin Qafqaz ölkələrinin siyasi inkişafında rolundan və Xəzər dənizi ilə bağlı yaranan problemlərə təsirindən danışıb.
K. Zatulin Qarabağ xanlığının Rusiya imperiyasının tərkibinə keçməsinin əhəmiyyətli olduğunu söyləyib. O, Qarabağ xanlığını erməni xanlığı adlandırıb: “Qarabağ xanlığının imperiya tərkibinə keçməsi ilə Rusiya qardaş erməni xalqını öz doğma torpaqlarına qaytarmış oldu və ermənilərə öz müqəddəratını həll etmək şəraiti yaratdı. Rusiya ilə İran arasında 1813-cü ildə imzalanan bu müqavilənin Cənubi Qafqaz xalqlarının formalaşmasında, dövlətçilik ənənələrinin yaranmasında da böyük rolu olub. Cənubi Qafqaz xalqları bu müqavilədən sonra Rusiya imperiyasının və Sovetlər Birliyinin tərkibində, daha sonra isə, 1991-ci ildə müstəqil dövlətlərini qurublar”.
“Gülüstan” müqaviləsinin Rusiya dövlətinin tarixində şanlı səhifə olduğunu söyləyən K. Zatulin bu tarixin bayram kimi qeyd edilməsini təklif edib.
İştirakçılar konfransda “Gülüstan” sülh müqaviləsi haqqında danışmaqdan daha çox Azərbaycanı müzakirə mövzusu ediblər. Erməni və ermənipərəst rusiyalı ekspertlər tərəfindən Azərbaycanın ünvanına iftira və böhtanlar səsləndirilib.