İsmayıllıda TARİXİ MƏSCİD KÜLƏ DÖNDÜ

İsmayıllı rayonunda məscid yanıb. Hadisə rayonun Sulut kəndində qeydə alınıb. Yanğının söndürülməsi üçün əraziyə İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin maşınları və canlı qüvvəsi cəlb edilib. 1820-ci ildə inşa edilən və təmirə ehtiyacı olduğu üçün 40 ildən çoxdur ki, istifadəsiz qalan məscid tamamilə yanıb.

 

Qeyd edək ki, məscid 1920-ci ildən sonra dini və orta məktəb, daha sonra isə taxıl anbarı kimi istifadə olunub.

 

Yanğın söndürülərək alovun ətrafdakı evlərə və tövlələrə keçməsinin qarşısı alınıb. Lakin, məsciddə qalan kiçik yanğın ocaqları sonradan binanın yenidən alovlanmasına səbəb olub.

 

APA TV-nin xəbərinə görə, məscidlə yanaşı, onun həyətindəki bir neçə ağac, eləcə də 400 ildən çox yaşı olan çinar da yanıb.

 

İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Rövşən Ağayev bildirib ki, yanğına səbəb ilkin ehtimala görə məscidin minarəsinə yaxın ərazidən keçən elektrik xəttindəki qısa qapanma səbəb olub.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov