BAKIDA PARTLAYIŞ
Bakının Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, bina 15, mənzil 76 ünvanında mənzilə qaz sızması nəticəsində partlayış baş verib. APA TV-nin məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə məlumat daxil olub. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal hadisə yerinə yollanıblar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, Nicat Bədəlova məxsus mənzilin hamamında qaz sızması nəticəsində partlayış baş verib. Partlayış nəticəsində mənzilin aynabənd şüşələrinin bir qismi dağılaraq həyətə tökülüb. Eyni zamanda mənzildə olan 1984-cü il təvəllüdlü Bədəlova Firuzə Tofiq qızı və 2010-cu il təvəllüdlü azyaşlı Bədəlova Zəhra Nicat qızı partlayışın təsirindən psixi sarsıntı keçiriblər. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım stansiyasının əməkdaşları zərərçəkmiş şəxslərə müdaxilə edib.
Hadisə yerində olan “Azəriqaz”ın əməkdaşları binaya qazın verilməsini tam şəkildə bağlayıb. Xilasedicilər mənzilə daxil olaraq təhlükə yaradan pəncərələri və dəmir barmaqlıqları təhlükəsizlik qaydalarına riayət etməklə kəsiblər.