Qızıldan baha qiymətlər - QIZIL BAZARINDAN REPORTAJ
Azərbaycanda ənənəvi olaraq Məhərrəm ayı başa çatan kimi toy mövsümü start götürür. Toy mövsümündən ən çox qazananlar isə qızıl ticarətçiləri olur.
Bu dəfə qızıl bazarındakı durumu və dünya bazarında gedən iqtisadi proseslərin qızılın qiymətinə necə təsir etməsini araşdırdıq. Neftin ucuzlaşması, dolların dəyərinin gündən-günə artması, Rusiya rublunun çətin günləri və ən əsası, toy mövsümünün başlaması qızıl bazarına necə təsir edir? Bu suallara aydınlıq gətirmək üçün öncə “Moskva Univermağı”nın zərgərlik məmulatları satılan şöbəsinə baş çəkdik. Univermaqda əvvəlki aylara nisbətən alıcı bolluğu yaşanırdı.
Satıcılara yaxınlaşıb alverin necə getdiyini soruşduq. Bəziləri alış-verişdən razı, bəziləri isə narazı qaldıqlarını dedilər.
3 ildir qızıl satışı ilə məşğul olduğunu deyən Mətanət xanımın sözlərinə görə, toy mövsümünün başlamasına az qalması ilə əlaqədar artıq qızılın qiymətində bahalaşma var. Hazırda onun piştaxtasında olan 583 əyarlı Rusiya qızılının bir qramı 60 manat, 585 əyarlı Türkiyə qızılının qramı 65 manat, 750 əyarlı İtaliya qızılının qramı isə 85 manatdır. Brilyant komplektlərin qiyməti 2200 manatdan başlayır: "Qiymət qızılın və brilyantın çəkisinə görə dəyişir. 4 min manatdan 10 min manat arasında yekunlaşan qiymətlər var. Alıcı tələbatına uyğun olaraq hər qiymətə var. 15 ildir qızıl satıram. Əvvəlki illərə nisbətən qızıl alışı çox zəifləyib. Adətən, malları Dubay və Türkiyədən gətiririk. Keyfiyyətə zəmanətimiz var, amma qiymət ölkələrə görə dəyişilir. Bir də, bilirsiniz, dollar bahalaşandan sonra demək olar ki, ciddi dəyişiklik var. İki il bundan əvvəlki qiymətlərlə müqayisədə 200-500 manat arası fərq var. Bu gün qızıla da, brilyanta da tələbat eynidir. Yeni ailə quranlar daha çox brilyant dəstlərə üstünlük verir. Amma hədiyyəlik olaraq daha çox qızıl alınır. Bütün hallarda müqayisə ilə desək, alış-veriş zəifdir".
Satıcı onu da qeyd edib ki, firmasından və dizaynından asılı olaraq da qiymət dəyişir. Validə xanım isə deyir ki, indi qızıl brilyantdan daha çox alınır: "Qızılın 750, 580 əyarlığına tələbat var. Hədiyyəlik alınır. 585 əyarlıq 65 manatdan, 750 əyarlıq qızlın qramı isə 80-85 manat arası dəyişir. Əvvəlki aylara nisbətən qiymət az da olsa, bahalaşıb. Ay yarım və yaxud iki ay bundan əvvəllə müqayisədə qiymət 54-60 manat arasında müəyyənləşirdi. Brilyant komplektlərdə isə 300 min manatlıq dəstlər bu gün 3400-3500 manat arasında dəyişir. Məhərrəmlik ayı ilə bağlı qiymətlərdə durğunluq yaşanırdı. İndi isə alıcılıq qabiliyyəti artıb".
Müsahibimizin sözlərinə görə, təkcə toy mövsümünün yaxınlaşması yox, dünya bazarında gedən iqtisadi proseslər də qızılın qiymətinə və satışına təsir edir.
Bu dəfə mağazalarda daha çox qızıl saatların bolluğu da diqqətimizi çəkdi. Qiymətlərlə maraqlandıq: "Əsasən saatları Rusiya və İsveçrədən gətiririk. Amma daha çox İtaliya mallarına üstünlük verilir. Saatların qiyməti 600-700 manatdan başlayır. Dəri kəmərlər və qızıl remenli saatların qiymətləri isə fərqlidir. 2500-300 manat arasında dəyişən qiymətlər də var. Tələbat da az deyil, həm hədiyyəlik alınır, həm də özləri üçün alırlar. Ümumi alış-veriş zəif olsa da, saat aksesuarına tələbat yetərincədir".
Fürsətdən istifadə edib alıcıların da fikrini öyrəndik.
- Hədiyyəlik qızıl alyanslarla maraqlanıram. 300 manat civarında axtarıram. Xoşa gələnləri çoxdur. Endirim də edirlər. Pis deyil, yəni birini tapıb ala biləcəyimizi düşünürəm. Keyfiyyəti də yaxşıdır. Cibimə uyğundur.
- Sırğa almağa gəlmişəm. Ümumi qiymətlərlə də maraqlanıram. Qiymətlər yaxşıdır. Mən 4 qramlıq qızıl sırğaların qiymətini soruşdum, hardasa 300-340 manata başa gəlir. Bir az ucuzları da var. Amma fəhlə cibinə uyğun deyil.
10 ildən artıqdır qızıl ticarəti ilə məşğul olan Səbuhi Məmmədov bildirib ki, məhərrəmliyin sona çatmasına az qalması ilə əlaqədar artıq ötən həftədən başlayaraq bazarda canlanma var və bu, qiymətlərə də təsir edib.
Digər satıcı Zahid Əliyev isə qızılın qiymətinin insanlara psixoloji təsirindən danışıb. Qeyd edib ki, bazarda durğunluq olanda insanlarda bir rahatlıq yaranır ki, onsuz da qızıl ucuzdur, istədikləri zaman ala bilərlər. Ancaq qızıl ən pik həddə bahalaşanda alıcılıq da artır. İnsanlar qorxur ki, bundan da baha ola bilər və tez almaq lazımdır.
Beləliklə, gəldiyimiz qənaət budur ki, qiymətlərin bahalaşması alıcı marağını artırıb. Nə deyirik bazar olsun!