Britaniya səfiri: "Hər bir azərbaycanlı tələbə..."
"Ötən il Böyük Britaniyanın müxtəlif universitetlərində 100-dən çox azərbaycanlı tələbə təhsil alıb".
APA TV-nin xəbərinə görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq deyib: "Hər bir azərbaycanlı tələbə öz ölkəsinin səfiridir və biz də onlara lazımi dəstəyi göstərməyə hazırıq. Biz istərdik ki, daha çox sayda tələbə Böyük Britaniya universitetlərində təhsil alsın”.
Təhsil nazirinin müavini Ceyhun Bayramov isə bildirib ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində bu günə kimi 676 azərbaycanlı gənc Böyük Britaniya universitetlərinin tələbəsi adını qazanıb. Onlardan 464-ü təhsilini başa vurub: “Bu layihələr arasında yüzlərlə Azərbaycan müəlliminin iştirakı ilə ingilis dili kurslarının keçirilməsi, universitetlərin beynəlxalq şöbələrinin inkişafı layihəsini xüsusilə vurğulamaq istərdim. Təhsil sahəsində Britaniya Universitetləri bütün dünyada olduğu kimi Azərbaycanda da yaxşı tanınır".
Bakıda keçirilən “Education UK-Böyük Britaniyanın təhsili” sərgisində bu ölkənin 41 universiteti və kollecin iştirak edir.