Azərbaycan Avronest PA-da fəaliyyətini dayandırıb - BƏYANAT
Avronest Parlament Assambleyasının Kiyevdə keçirilən Büro iclasında iştirak edən Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov bəyanat yayaraq Avropa Parlamenti Qətnaməsinin 32-ci bəndinə etiraz əlaməti olaraq Büro iclasını tərk edib. APA TV-nin məlumatına görə, Elxan Süleymanov bəyanatında qeyd edib ki, dostluğun, etimadın və əməkdaşlığın məkanı hesab etdiyi təşkilatda Azərbaycana qarşı edilən görünməmiş hücumlar silsiləsinə reaksiya verir.
SİTAT – ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası istisna olmaqla, Avropa Parlamenti, AŞPA, ATƏT PA və digər müşahidə missiyaları seçkiləri azad, şəffaf, ədalətli, ATƏT və Avropa Şurasının standartlarına uyğun keçirilmiş kimi qiymətləndiriblər. ATƏT-in fəaliyyətdə olan Sədri bu qurumların qiymətləndirməsini dəstəkləyib. Təəssüf ki, Avropa Parlamenti Avropa Qonşuluq siyasəti üzrə 23 oktyabr tarixli Qətnaməsinin 32-ci bəndində öz müşahidə missiyasının seçkilərlə bağlı müsbət qiymətləndirməsinə hörmətsizlik və inamsızlıq nümayiş etdirib, ATƏT-in bir Bürosunun nəticələrinə istinad edərək seçkilərin ATƏT standartlarına cavab verməməsi kimi qiymətləndirib. Sual doğur, Avropa Parlamentinin faktiki mövqeyi nədir? Azərbaycanla əməkdaşlıq etmək, Cənubi Qafqazda sülh və sabitlik yaratmaq istəyirmi?” SİTATIN SONU
Elxan Süleymanov bildirib ki, Avropa Parlamentində Azərbaycan əleyhinə kampaniyalar təşkil edən bir qrup deputatın Azərbaycana qarşı əsassız hücumları qəbul edilə bilməz.
SİTAT - “Avropa Parlamenti üçün mesajımiz budur, başqalarına hücum etməyə başlamazdan əvvəl öz evinizin vəziyyətini yaxşılaşdırın. Biz Avropa Parlamentinin beynəlxalq institut kimi hazırkı düşdüyü vəziyyəti qınayırıq”. SİTATIN SONU
E. Süleymanov qeyd edib ki, Azərbaycan AvroNest PA-nın rəhbərliyinə dəfələrlə müraciət edərək sülhə nail olunana qədər Ermənistanın həmsədrliyinə etirazını bəyan edib, əks təqdirdə Avronest PA-da Şərq Tərəfdaşlığı proqramının komponenti kimi Ermənistanın həmsədrliyi dövründə fəaliyyətini dayandıracağını bildirib.
Onun sözlərinə görə, Azərbaycan torpaqları işğaldan azad edilməyənədək işğalçı dövlət olan Ermənistanın Avronest Parlament Assambleyasında həmsədrliyi dövründə bu qurumda fəaliyyətini dayandıracaq”.