Atası köməyinə çatmadı, gənc qadın 3 körpəsiylə birlikdə boğulub öldü - FACİƏ

Astarada ailə faciəsi baş verib. Hadisə rayonun Şiyəkəran kəndində qeydə alınıb. Kənd sakini, 32 yaşlı Leyli Əkbər qızı Qəhrəmanova və onun 3 oğlu - 2006-cı il təvəllüdlü Şəmkar, 2008-ci il təvəllüdlü Məhəmməd və 2010-cu il təvəllüdlü Rzanın evdə meyiti tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Meyitlər müayinə olunub və onlarda hər hansı zorakılıq əlamətləri aşkarlanmayıb. Araşdırmalardan sonra onların dəm qazından boğulduqları məlum olub.

 

Bədbəxt hadisə qurbanlarının dəfn mərasimində kənd sakinləri ilə yanaşı, yerli icra strukturlarının nümayəndələri də iştirak ediblər. APA TV-nin xəbərinə görə, kənd icra nümayəndəsi Tofiq Əliyev dəfn və yas mərasimi ilə bağlı bütün xərcin rayon İcra Hakimiyyətinin üzərinə götürdüyünü deyib.

 

Ailənin başçısı 1982-ci il təvəllüdlü Şahid Əbdülhseyn oğlu Qəhrəmanov Dağıstanın Xasavyurd rayonunda fəhləliklə məşğul imiş. Ona hadisə barədə xəbər veriləndən sonra dəfn mərasimində iştirak etmək üçün Azərbaycana gəlib.

 

Araşdırmalar zamanı isə ev sahibəsi Leyli Qəhrəmanovanın hadisədən əvvəl atasının və qardaşının mobil telefonlarına zəng edərək “kömək, kömək” qışqırdığı, sonradan əlaqənin kəsildiyi məlum olub. Həmin vaxt Leyli Qəhrəmanovanın atası və qardaşı Lənkəran şəhərində olublar. Onlar Leyliya zəng etsələr də, cavab verən olmayıb.

 

Faktla bağlı Astara rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. 

 

Müəllif | Apa.Tv