Zaqatalada ağaca çırpılan “MERSEDES” KÜLƏ DÖNDÜ
Zaqatalada “ Mersedes” markalı minik avtomobili yolun kənarındakı ağaca çırpıldıqdan sonra yanıb. APA TV-nin məlumata görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala rayonu, Mazıx kəndi ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini, Alıyev Vüqar İlham oğlu idarə etdiyi “Mersedes” markalı, 90 CC 288 nişan dövlət nömrəli avtomobillə Balakən rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək maşını yolun kənarındakı ağaca çırpıb. Baş vermiş qəzadan sonra avtomobildə yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Qəzadan sonra avtomobildə baş verən yanğın nəticəsində avtomobilin mühərriki və salonu yanaraq yararsız hala düşüb. Avtomobilin sürücüsü Vüqar Alıyev və sərnişini, Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Əliyev Vüsal İslam oğlu Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıblar.
Zaqatala MRX-dan APA TV-yə verilən məlumata görə, Vüqar Alıyev və Vüsal Əliyevə ilkin yardım göstərilib və hər iki şəxs sonra ambulator müalicə almaq üçün evə buraxılıblar.
“Mersedes”in sürücüsü Vüqar Alıyev bildirib ki, qəzaya səbəb maşının şehli yerdə sürüşməsi olub: “Maşından heç bir sənədimi çıxarda bilmədim. Xarici pasport, maşına aid texniki pasport, sığorta kağızı, sürücülük vəsiqəm bankomat kartlarım, iş kartım hamısı alışıb yandı”.