Türkiyə parlamentində Rusiya ilə razılaşdırılan layihə təsdiqləndi
Türkiyə parlamentinin xarici əlaqələr komissiyası “Türk axını” qaz borusunun tikintisinə dair qanun layihəsini dəstəkləyib.
APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Rusiya-Türkiyə sazişinin ratifikasiyası haqqında qanun layihəsinin baş nazir Binəli Yıldırımın Moskvaya səfəri ərəfəsində təsdiqlənəcəyi gözlənilir. Xatırladaq ki, B. Yıldırımın 6-7 dekabr tarixlərində Rusiyaya səfəri planlaşdırılıb.
Layihə 2019-cu ilədək magistral qaz borusunun Qara dənizin dibi ilə iki xəttinin tikintisini nəzərdə tutur.
Qeyd edək ki, Rusiya 2014-cü ilin dekabrında Avropa İttifaqının mövqeyi səbəbindən “Cənub axını” qaz borusu layihəsindən imtina edib. “Türk axını” layihəsi isə Rusiyaya məxsus “SU-24” təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra dondurulub. Münasibətlərin bərpasından sonra danışıqlar bərpa edilib və Vladimir Putinin İstanbula səfəri zamanı layihə imzalanıb.