Gürcüstanın 31 yaşlı yeni baş naziri... - REGİON

Gürcüstanın baş naziri Bidzina İvanişvili öz davamçısının adını açıqlayıb. Bu, ölkənin daxili işlər naziri İrakli Qaribaşvilidir. İvanişvili hökumət üzvləri və “Gürcü arzusu” partiyasının Siyasi Şurası ilə danışıqlardan sonra baş nazir vəzifəsinə onun namizədliyini irəli sürüb.

İraklii Qaribaşvili 1982-ci ildə anadan olub. O, Tiflis və Sorbonda beynəlxalq əlaqələr üzrə təhsil alıb. 2007-2012-ci illərdə Bidzina İvanişviliyə məxsus “Kartu” bankının Müşahidə Şurasına rəhbərlik edib. 2008-ci ildə İraklii Qaribaşvili Gürcüstanın San-Marinodakı fəxri konsulu olub. 2012-ci ilin oktyabrından Gürcüstanın daxili işlər naziridir.

İrakli Qaribaşvili Bidzina İvanişvili istefa verəndən dərhal sonra baş nazir olacaq. Bu, Gürcüstanın yeni prezidenti Georgi Marqelaşvilinin noyabrın 17-sinə təyin olunan andiçmə mərasimindən sonra baş verəcək.

Gürcüstanın qanunlarına görə, İvanişvilinin istefasından sonra hökumət istefaya getməlidir. Sonra yeni baş nazir seçiləcək və o, öz kabinetini formalaşdıracaq.

Mixail Saakaşvilinin partiyası isə İraklii Qaribaşvilinin baş nazir vəzifəsinə gətirilməsi təşəbbüsünə qarşı çıxıb. Vahid Milli Hərəkatın parlament fraksiyasının liderlərindən olan Zurab Caparidze deyib ki, 31 yaşlı Qaribaşvilinin bank sahəsində təcrübəsi var: “Amma bu, o demək deyil ki, o, ölkənin iqtisadi siyasətini idarə etmək təcrübəsinə malikdir. Bunlar iki radikal fərqli məsələlərdir”.

Müəllif | Apa.Tv
Apa.tv