Gəncədə fransız çörəyi bişiriləcək

Gəncədə 40-a yaxın ölkənin nümayəndələrinin iştirakı ilə II beynəlxalq şərab festivalı keçirilib. APA-TV-nın qərb bürosunun verdiyi məlumata görə festival şəhər gəzintisi ilə başlayıb. Müxtəlif ölkələrdən olan qonaqlar ilk olaraq Nizami məqbərəsini ziyarət ediblər. Burada onlara dahi şairin yaradıcılığı barədə məlumat verilib və onlar Nizami muzeyi ilə tanış olublar. Daha sonra qonaqlar Bayraq meydanın və Xəmsə bağına gəliblər.

Gəncə şəhər İcra Hakimiyyəti binasında qonaqlarla görüş keçirilib. Tədbirdə Fransadan olan nümayəndələr, Özbəkistan və Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri, Azərbaycan iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev iştirak edib. Tədbirdə Fransa-Azərbaycan iqtisadi əlaqələri müzakirə edilib, müxtəlif sahələrdə əməkdaşlıqla bağlı razılaşmalar əldə edilib. Görüşdə üzümçülük və şərabçılığın inkişaf etdirilməsi məqsədi ilə iki ölkədən olan iş adamları arasında anlaşma memorandumu imzalanıb. Sənədə əsasən, Göygölün Mixaylovka kəndində fransız üzüm sortlarından ibarət yeni üzümlük salınacaq. Tədbirdə həmçinin Gəncədə аransız çörəyinin bişirшlməsi məsələsi də müzakirə edilib. Bildirilib ki, yaxın vaxtlarda Fransadan olan mütəxəssislər Gəncəyə gələrək burada çörək istehsal edən müəssisənin tikintisi üçün ətraflı müzakirələr aparacaqlar.

Günün ikinci yarısında isə festival şəhərin Cavad xan küçəsində davam edib. Burada respublikada şərab istehsal edən 20-ə yaxın istehsal müəssisəsinin məhsulları nümayiş etdirilib. Həmçinin küçə boyu müxtəlif kollektivlərin iştirakı ilə musiqi və kulinariya şouları göstərilib, qonaqlara aktyorların iştirakı ilə maraqlı kompozisiyaları təqdim edilib.

III Bakı Beynəlxalq Humanitar Forumunun bir qrup iştirakçısı da Gəncəyə gələrək II şərab festivalında iştirak edib. 

Müəllif | Apa.Tv
Azər Məmmədli