9-cu siniflər üçün buraxılış imtahanları hansı qaydalarla keçiriləcək?
Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə Göyçay rayon Heydər Əliyev Mərkəzində buraxılış imtahanında tətbiq olunacaq yeni qaydalarla tanış olması məqsədilə seminar keçirilib. APA TV-nin yerli bürosunun xəbərinə görə, Azərbaycan dili və riyaziyyat fənlərinə həsr olunan seminarda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının yeni modelinə dair məruzə edib. O bildirib ki, 9-cu sinifdə oxuyan şagirdlər ötən 9 il ərzində yeni proqram əsasında təhsil alıblar: “Birinci sinifdən onlara kurikulum tətbiq olunub. Biz onların bilik və bacarığını qiymətləndirmək üçün yeni metodlar hazırlamışıq və onların buraxılış imtahanları 2 mərhələdə keçiriləcək”.
Məleykə Abbaszadə bildirib ki, birinci mərhələdə şagirdlərə Azərbaycan dili və rus dili fənlərindən 2 mətn əsasında 10 açıq, 10 qapalı, riyaziyyat fənnindən 10 açıq test tapşırığı təqdim ediləcək. İkinci mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30 qapalı, ümumilikdə 60 test tapşırığı təqdim ediləcək. Bundan əlavə, şagirdlər birinci mərhələdə təqdim edilmiş mövzu üzrə könüllülük prinsipi əsasında inşa (esse) yazacaqlar. Ümumi orta təhsil haqqında fərqlənmə attestatı almaq üçün essenin qiyməti nəzərə alınacaq. Birinci mərhələnin 2017-ci ilin fevral və mart, ikinci mərhələnin isə iyun ayında keçirilməsi nəzərdə tutulur. Buraxılış imtahanında iştirak etməyən şagirdlərə ümumi orta təhsil haqqında sənəd verilməyəcək.
Seminarda pedaqoji ictimaiyyətin, valideynlərin və şagirdlərin buraxılış imtahanında tətbiq olunacaq yeni qaydalarla bağlı sualları cavablandırılıb.