Azərbaycanda müqavilə əsasında orduya keçid - MÖVQE

"Azərbaycan Silahlı Qüvvələrinin rəhbərliyində baş verən dəyişikliklər təkcə kadr dəyişikliyi deyil. Eyni zamanda qabaqcıl ölkələrin, xüsusilə NATO dövlətlərinin sistemlərindən istifadə etməklə ordumuzun müqavilə əsaslı orduya keçidi reallaşsa, o zaman sözün həqiqi mənasında yeni müsbət islahatlar aparılmış olar". Bu fikirləri Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc Azərbaycan ordusunun yeni müqavilə əsasında orduya keçidin vacibliyini vurğulayarkən bildirib.

Millət vəkili hesab edir ki, müqavilə əsasında komplektləşən ordunun formalaşmasına böyük ehtiyac var. Hazırda ordu sıralarında 7 minə yaxın hərbçi müqavilə əsasında xidmət edir. Lakin bu əvvəlcədən nəzərdə tutulan kontrakt ordu modeli deyil. Dünya təcrübəsinə nəzər saldıqda açıq aydın görmək olur ki, 100 minlərlə hərbi qulluqçusu olan ordu effektli çalışmır. Azərbaycanda həmin sistemə keçid olsa, bu, peşəkarlığa manevretmə imkanlarına və s. məsələlərə avtomatik təsir göstərəcək.

“Bunun üçün qanunvericilik sisteminə bir sıra dəyişiklik etməliyik. Hərbi qulluqçuların statusuna yenidən baxılmalıdır. Hərbçilərin təminatı ilə bağlı məsələlər yenidən işlənməlidir. Hərbi sistemdə kollegial idarəçilik tətbiq edilməlidir. Orduda zabit-əsgər, əsgər-əsgər münasibətlərini nizama salmalıyıq. Təlimat sənədlərimizin çoxu köhnədir. Sovet ordusunun nizamnamələri hələ də qüvvədə qalmaqdadır”.

Millət vəkili deyir ki, müqaviləli orduya keçidin əksinə çıxan bir sıra şəxslər hesab edir ki, yeni sistemə keçid tamamilə çağırış sistemindən imtinaya səbəb ola bilər. Bu da ordunun komplektləşməsində problemlər yaradar. Halbuki, bunların bir-birinə aid olan nöqtələri var. Eyni zamanda fərqlər də mövcuddur. Bu cəhətdən iki ideyanı qarşı-qarşıya qoyub, prosesə müqavimət göstərmək yanlış bir siyasət olardı.

“Hərbi qulluqçuların beyninin psixologiyasının düşüncələrinin əas hissəsini arxa cəbhədə maddi durum içərisində qoyub gəldiyi ailəsi təşkil etməməlidir. Çünki digər sahələrdən fərqli olaraq psixoloji durum bu qədər həlledici rol oynayır. Əsasən də düşmənlə üz-üzə, səngərdə olan zabitlərdə. Bu şəxslərin tam hərbi xidmətə köklənmələri üçün hesab edirəm ki, onların maddi vəziyyəti yaxşılaşdırılmalıdır. Yeni sistemdə rəqəmlə hesablana biləcək məbləğ tələb olunur və bu gün dövlətimizin bu vəsaiti tam ödəmə qüvvəsi var. Düşünürəm ki orduda evsiz zabir qalmamalıdır”.
 

Müəllif | Apa.Tv