Şəmkirdən Kür qəsəbəsi istiqamətində uzanan yolda iki avtomobil qəzası baş verib. Şəmkir rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Ruzigar Əhəd oğlu Cəbrayılov idarə etdiyi “Daewoo Nexia” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək maşını əvvəlcə yolun kənarındakı dirəyinə, daha sonra isə evin hasarına çırpıb. Qəza nəticəsində 23 yaşlı Ruzigar Cəbrayılov ölüb, maşında olan sərnişin, 21 yaşlı Tural Rəşadət oğlu Səfərli isə yüngül bədən xəsarəti alıb. Hadisəyə yüksək sürətin səbəb olduğu bildirilir. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.
Eyni yolda daha bir yol nəqliyyat qəzası baş verib. Gəncə şəhər sakini, 23 yaşlı Vüsal Abbasovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə, Şəmkir rayon sakini, rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsinin əməkdaşının idarə etdiyi eyni markalı avtomobil toqquşub. Hadisə zamanı hər iki avtomobildə olan 5 nəfər müxtəlif bədən xəsarətləri alıb. Müayinə zamanı sürücülərdən heç birində sərxoşluq əlaməti aşkarlanmayıb. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.