Xamneyi: “ABŞ-ın müttəfiqlərinə də zərbə endirəcəyik” - XƏBƏRDARLIQ
İranın ali dini lideri, ayətullah Əli Xamneyi ABŞ-a xəbərdarlıq edib.
Əli Xamneyi, Məşhəd şəhərində bir qrup məktəbli və tələbə ilə görüşü zamanı İrana hərbi müdaxiləni dəstəkləyən amerikalı siyasətçilərdən birinin fikrinə münasibət bildirib: “Bu siyasətçi İrana nüvə bombasının atılmasını istəməyib. Ancaq dünya və nüvə məsələləri barədə məsuliyyət daşıdığını təsəvvür edən bir ölkə başqa dövləti nüvə hücumu ilə hədələməklə səhv edir. Əgər amerikalılar həqiqətən də müzakirələrdə ciddidirlərsə, bu cür ağzına gələni danışan insanların qarşısını almalıdırlar”.
Ali dini lider İranın “altılıq” ölkələri ilə nüvə müzakirələrini aparan heyəti ciddi şəkildə dəstəklədiyini, ancaq, müzakirələrin İranın gözlədiyi nəticələri təmin edəcəyini düşünmədiyini bildirib: “Çünki, amerikalılar bir tərəfdən gülərək müzakirələr aparılmasına istəkli olduqlarını, digər tərəfdən də bütün variantların masada olduğunu söyləyirlər”.
Ali dini lider bildirib ki, ABŞ məcburi olaraq müzakirələrdə İsrailin istəklərini düşünür. Buna səbəb isə, güclü sionist-yəhudi sərmayə sahiblərinin və şirkətlərin ABŞ hökumətini və Konqresi ələ almasıdır.
Ayətullah Xamneyi deyib ki, nüvə məsələsi bir bəhanədir: “Amerikalıların İranla düşmənçiliyinin səbəbi İran xalqının onların istəklərini rədd etməsidir. Amerikalılar yalnız o zaman düşmənçilikdən əl çəkəcəklər ki, İran xalqı təcrid olunmuş, etibarsız, hörmətsiz bir xalqa çevrilsin”.
Ali dini lider vurğulayıb ki, 1979-cu il noyabrın 4-də ABŞ-ın İrandakı səfirliyini ələ keçirən gənclər əslində casusluq yuvası olan bu səfirliyin həqiqi mahiyyətini kəşf edərək dünyaya nümayiş etdirdilər: “Həmin gün bizim gənclərimiz ABŞ səfirliyini casusluq yuvası adlandırdılar. Bu gün ABŞ-ın müttəfiqləri olan Avropa ölkələrindəki səfirlikləri də casusluq yuvası adlandırılır. Deməli, bizim gənclərimiz zamanı 30 il əvvəl qabaqlayıblar. Həmçinin təcrübə göstərib ki, ABŞ-a etimad göstərən hər bir xalq və dövlət, hətta onun müttəfiqləri belə zərbəyə məruz qalacaq. Əgər bu gün dünyada ədalətli bir rəy-sorğusu həyata keçirilərsə, dünya xalqlarının ABŞ-a baxışı qədər heç bir dövlətə mövqeyi mənfi olmayacaq”.
1979-cu il noyabrın 4-də ABŞ-ın İrandakı səfirliyi hücum nəticəsində tutulub və diplomatik korpusun əməkdaşları girov götürülüb. Bununla da İranla ABŞ arasında diplomatik əlaqələr tamamilə kəsilib. Həmin vaxtdan bəri hər il noyabrın 4-ü İranda Ümumdünya İmperializmlə Mübarizə Günü kimi qeyd olunur.
Elvin Bayramlı - APA TV