Dünya TƏHLÜKƏDƏ: 12 milyard ton oksigen yox olacaq
Neft və neft məhsulları ilə çirklənmiş torpaqların bərpası, ətraf mühitin qorunması, baş verən hadisələrin ekologiyaya böyük ziyanı...
Hər il yer kürəsində 7 milyard ton yanacaq yandırılır, buna 10 milyard ton oksigen sərf olunur. Alimlərin proqnozuna görə, 2020-ci ildə atmosferde 12 milyard ton oksigen azalacaq. Bu məsələlərə Bakıda Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) və Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq (IDEA) təşkilatının dəstəyi ilə keçirilən “Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış” adlı beynəlxalq konfransda toxunuldu.
APA TV-nin xəbərinə görə, ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirdi ki, 160 illik neft hasilatı üzrə ilk illərdə olan təcrübəsizlik nəticəsində ekologiyaya böyük ziyan vurulub: "Mədən sahələrində 1300 hektar ərazi rekultivasiya edilərək təmizlənib. Burada hər il 200 min ağac və kol əkilib. Atmosferə 560 mln. kubmetr qazın atılmasının qarşısı alınıb".
Şirkət prezidenti bildirdi ki, Qaradağ ərazisində yaradılacaq neft-qaz müəssisələrində ən müasir texnologiyaya cavab verən avadanlıqlar qurulacaq və paytaxtın mərkəzində, həmçinin Sumqayıtda olan köhnə zavodlar və müəssisələr ləğv ediləcək.
Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq (IDEA) təşkilatının təsisçisi Leyla Əliyevanın konfrans iştirakçılarına video müraciəti təqdim olundu.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov isə bildirdi ki, neft sənayesinin inkişafı nəticəsində çirklənmiş torpaqların ümumi ərazisi 35 min hektar təşkil edir, bunun 15 min hektardan çoxu güclü çirklənməyə məruz qalıb. Nazir dedi ki, Azərbaycanda son on ildə səkkiz milli park yaradılıb və hazırda daha birinin yaradılması üzrə işlər aparılır.