İlqar Məmmədov və Tofiq Yaqublunun məhkəməsi başladı

Şəki Ağır Cinayətlər Məhkəməsində bu il yanvarın 23-də İsmayıllıda baş vermiş hadisələrlə bağlı saxlanılan şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb. APA TV-nin xəbərinə görə, İlqar Məmmədov, Tofiq Yaqublu və digər təqsirləndirilənlər prosesə gətirilib.


Məhkəmə heyəti zalın kiçik olduğunu əsas gətirilərək mətbuat nümayəndələri prosesə buraxmayıb. Məhkəmə binasının qarşısında xeyli insan toplaşıb.  
Bu il yanvarın 23-də İsmayıllı şəhərində “Çıraq” otelinin inzibatçısı Emil Şəmdinovun və tanışı Elməddin Məmmədovun sərxoş vəziyyətdə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmələri və bununla əlaqədar hadisə yerinə toplaşmış bir qrup şəxs tərəfindən “Çıraq” otelinin və müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi münaqişə baş verib. Emil Şəmdinov və Elməddin Məmmədov saxlanılıb. Həmçinin, ictimai qaydanı pozan 52 nəfər saxlanılıb və onlardan 23-nə inzibati həbs, 15-nə inzibati cərimə növündə tənbeh tədbirləri tətbiq edilib, 14 nəfər isə xəbərdarlıq edildikdən sonra buraxılıb. Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və “REAL” hərəkatının sədri İlqar Məmmədova qarşı isə Cinayət Məcəlləsinin 233-cü və 315.2-ci maddəsi ilə ittiham irəli sürülüb. 

Müəllif | Apa.Tv
Vüqar Heydərov