OPEK-ə üzv olmayan ölkələr razılaşdı, neft sürətlə bahalaşır

OPEK-ə üzv olmayan neft ölkələr hasilatı azaltmaq barədə razılaşma əldə etdikdən sonra birjalarda “qara qızıl” ciddi dəyər qazanıb.

 

APA TV-nin xəbərinə görə, son 24 saat ərzində birjalarda “Brent” markalı neftin maksimum qiyməti 52 dollar olub. Bu, 2016-cı ildə qeydə alınan ən yüksək qiymətdir.

 

Bu gün səhər saatlarında “Brent” neftinin qiyməti 55,70 dollaradək geriləyib ki, bu da bazarda müəyyən korreksiyaların aparılması ilə izah olunur. Qərbi Texas neftinin qiyməti də gün ərzində illik maksimumu yeniləyib. WTİ nefti dünən axşam saatlarında 54,50 dollardan satılıb, səhər seanslarında isə qiymət 52,82 dollara enib.

 

Kartelə üzv olmayan ölkələrin gündəlik hasilatı 558 min barel azaltmaq barədə razılaşması bazara təsirini bir müddət saxlayacaq. OPEK ölkələri arasında əldə olunan razılaşmanın icrası başlandıqdan sonra qiymətlərin sürətlə bahalaşacağı gözlənilir. Bu razılaşma yanvarın 1-dən qüvvəyə minir, OPEK bazarda təklifi azaltmaq üçün gündəlik hasilatı 1,2 milyon barel aşağı salmalıdır. Hasilatı azaltmaq bölgüsündə ən çox paya Səudiyyə Ərəbistanı sahibdir, Ər-Riyad razılaşmaya əsasən, gündəlik hasilatı 486 min barel aşağı salmalıdır. Hesablamalara görə, hazırda bazarda 1-2 milyon barel artıq neft var, hasilatın azaldılması qiymətlərin tarazlaşmasına və bahalaşmasına təsir edə bilər.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov