BMT-nin yeni rəhbəri and içdi

BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 71-ci sessiyası çərçivəsində qurumun yeni seçilən baş katibi rəsmən and içib.

 

APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, bununla da Portuqaliyanın sabiq baş naziri Antonio Quttereş vəzifəsinin icrasına başlayıb.

 

Yeni baş katib BMT-nin nizamnaməsinə uyğun olaraq, bu vəzifədə çalışacağı dövr ərzində qurumun qanun və maraqlarını qoruyacağını, eləcə də BMT və onun dəyərlərinə olan inamı yenidən bərpa edəcəyini vəd edib. O, dünya liderlərinin öz vətəndaşını dinləyəcəyi və stabillik uğrunda çalışacağı vaxtın artıq yetişdiyini bildirib.

 

A.Quttereş növbəti 5 ildə rəhbəri olacağı təşkilat daxilində islahatların aparılacağını xüsusi vurğulayıb. Baş katib eyni zamanda BMT-nin dünyada tüğyan edən yeni çağırışlara cavab vermək iqtidarında olmadığından təəssüfləndiyini də gizlətməyib.

Qurumun Baş Assambleyası onun andını qəbul edərək, sabiq baş katib Pan Gi Muna fəaliyyəti dövründə göstərdiyi səylərə görə təşəkkür edib.

 

Qeyd edək ki, A.Quttereş oktyabrın 13-də keçirilən səsvermə zamanı qalib gələrək, BMT-nin baş katibi seçilib.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov