Əsəd ordusu Hələbi tam nəzarətə götürdü

Suriya ordusu Hələb şəhərini ələ keçirib. APA TV-nin məlumatına görə, Əsəd hökuməti 15 noyabrda başlayan və şəhərin strateji bölgəsi sayılan müxaliflərin nəzarətində olan Şeyx Səid məhəlləsinin də olduğu 7 məhəlləni müxaliflərdən aldığını bildirib.


Dünən axşam saatlarında Suriya dövlət televiziyası "Hələbin bütünlüklə qurtarıldığını" elan edib.
 

Şəhərdəki bir çox müxalif döyüşçü sosial mediadan Suriya ordusunun irəlilədiyini bildirərək "vida" mesajları paylaşıb.

 

Suriya İnsan Hüquqları Monitorinq Mərkəzinin rəhbəri Rami Abdülrahman son 24 saatda təxminən 10 min nəfərin müxaliflərin nəzarətində olan bölgədən qaçdığını qeyd edib.

 

Hələbdə müxaliflərin məğlub olması Qərb ilə Əsədi əsas dəstəkləyən Rusiyanı üz-üzə qoyub. Fransa, Rusiyanı Suriyada oynadığı rola görə günahlandırıb.

 

Qeyd edək ki, Hələbin Əsəd ordusunun nəzarətinə keçməsi müxaliflərin Suriyada 2011-ci ildə başlayan ölkədaxili müharibədəki ən böyük məğlubiyyəti oldu. Şəhər 2012-ci ildən bu yana bölünmüş vəziyyətdə idi. Rusiya və İranın dəstəyini alan Əsəd ordusu şəhərin 300 min mülki şəxsin yaşadığı müxaliflərin nəzarətində olan hissəsini iyulda mühasirəyə almışdı. 15 noyabrda isə şəhərin bütünlüklə ələ keçirilməsi üçün əməliyyatlar başlanıb. Əməliyyatın başlanğıcından bu yana 900 mülki şəxs həyatını itirib.

Hələbin Əsəd ordusu tərəfindən geri alınması paytaxt Dəməşqdə və Suriya hökumətinin nəzarətində olan digər bölgələrdə atəşfəşanlıqla qeyd edilib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı