Sərhədçilərimiz axtarışda olan 374 nəfəri saxlayıb
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2016-cı ilin noyabr ayı dövlət sərhədini pozduqlarına görə 32 halda 39 nəfər saxlanılıb.
DSX-nin mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, onlardan 20 nəfəri Azərbaycan, 4 nəfəri Gürcüstan, 7 nəfəri Özbəkistan, 3 nəfəri İran, 2 nəfəri Qırğızıstan, hər ölkədən bir nəfər olmaqla Nigeriya, Fələstin, Kot-Divuar vətəndaşları olub.
Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 4 halda 7 nəfər, Xəzər dənizində 12 halda 22 nəfər, Sərhəd Nəzarəti Məntəqələrində 565 halda 762 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 374 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 14 halda 7 kiloqram 770 qram narkotik maddə aşkar edilərək götürülüb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 72 halda ümumi dəyəri təqribən 330 min manat olan qaçaqmal, o cümlədən 2 ədəd “Chevrolet” və “KİA” markalı avtomobil, 13 kiloqram gümüş, 1 ədəd beşbarmaq, 4032 qutu pirotexniki vasitə, 14 148 Azərbaycan manatı, 37 710 ABŞ dolları, 31 265 Rusiya Federasiyası rublu, 4 000 Livan funtu, 900 000 İİR rialı, 8 640 qutu müxtəlif markalı siqaret, 182 ədəd mobil telefon, 2 ədəd qayıq, 1100 ədəd müxtəlif növ dərman preparatları, spirtli içki və sənaye malları saxlanılıb.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.