Neftçalada atasını öldürən şəxsin daha bir cinayəti üzə çıxdı - DƏHŞƏTLİ TƏFƏRRÜAT
Neftçalada atasını öldürərək meyitini yandırıb külünü Kür çayına atan oğulun daha bir ağır cinayətinin üstü açılıb.
APA TV-nin xəbərinə görə, 2014-cü ilin fevralında Neftçala rayonunun Yuxarı Qaramanlı kənd sakini, taksi sürücüsü kimi fəaliyyət göstərən 1964-cü il təvəllüdlü Rüstəmov Kamal Ədalət oğlunun itkin düşməsi barədə polisə məlumat daxil olub.
Hadisədən bir gün sonra Kamal Rüstəmovun idarə etdiyi "VAZ-21011" markalı 47 ** 421 dövlət nömrə nişanlı avtomobil yanmış halda rayonun Pirəbbə kəndi ərazisində aşkar edilib. Avtomobilin yanında onun ayaqqabısı tapılıb. Lakin yanmış avtomobilə polis tərəfindən baxış keçirilərkən hər hansı cəsəd aşkar edilməyib.
Həyata keçirilən tədbirlər nəticəsində həmin qətlin rayon sakini, 1992-ci il təvəllüdlü Heybətov Emil Aydın oğlu tərəfindən törədildiyi müəyyən edilib. E.Heybətov K.Rüstəmovu öldürdükdən sonra onun avtomobilini yandırıb, meyitini Bakı şəhərinə gətirib və Balaxanı qəsəbəsində kirayədə qaldığı evin həyətində basdırıb.
Emil atasının cəsədinin qalıqlarını Kürə atan zaman Neftçalada taksi sürücüsü işləyən Kamal Rüstəmov hadisənin şahidi olub. Emil Heybətov onu dəfələrlə şataj edərək ondan pul tələb edən taksi sürücüsünü də qətlə yetirib. Sürücünün meyitini Bakıya gətirən Emil taksi sürücüsünü manqalda yandırıb. Daha sonra meyitin qalıqlarının bir hissəsini evin həyətində basdırıb, bir hissəsini isə küçəyə səpib.
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə meyitin qalıqları basdırıldığı yerdən çıxarılıb və morqa təhvil verilib.
Qeyd edək ki, hadisəni törətməkdə təqsirli bilinən E.Heybətov bir neçə gün əvvəl anası ilə birgə atasının qətlində şübhəli bilinərək tutulub. Araşdırmalar zamanı müəyyən edilib ki, o və anası Tükəzban Heybətova 2013-cü ildə atası, 1961-ci il təvəllüdlü Heybətov Aydın Dəmir oğlunu qətlə yetirərək meyitini yandırıb və daha sonra qalıqlarını Kür çayına atıblar. Qətli törətməkdə şübhəli bilinən 1962-ci il təvəllüdlü Heybətova Tükəzban Habil qızı və oğlu, 1992-ci il təvəllüdlü Heybətov Emil Aydın oğlu polis tərəfindən saxlanılıb.