Körpə uşaqlar niyə gec danışır? - REPORTAJ
Uşağım niyə danışmır? Bu sualla bir çox valideynlər üz-üzə qalır. Xüsusilə erkən yaşlarda nitq inkişafının ləngiməsi narahatlığa səbəb olur. Bəs uşaqların gec dil açması nə ilə əlaqəlidir?
Araşdırma zamanı məlum olur ki, burada bir neçə nüans var. İlk növbədə uşağın anadangəlmə fizioloji durumuna diqqət etmək lazımdır. Uzman pediatr Əli Quliyev bildirib ki, nitq geriliyi eşitmə qüsuru ilə bağlı ola bilər. Bunu müəyyən etmək üçün uşaq anadan olandan sonra xüsusi eşitmə testindən istifadə olunmalıdır. 2-ci ən çox yayılmış səbəb autizmdir. Pediatrın sözlərinə görə, əgər əvvəllər 70-80 insandan birində autizm var idisə, indi hər 7-8 nəfər bu halla üzləşir: “Danışığı gecikən uşaqlarda autizm önəmli səbəbdir. Adətən, şikayətlər bu şəkildə olur: uşaq danışmağa başlamışdı? lakin birdən danışmadı. Ətrafla ünsiyyət qurmayan, göz təmasından yayınan, hərəkətləri təkrarlayan uşaqlara diqqət etmək lazımdır. Bu uşaqlarla bağlı yekun qərarı uşaq psixiatrı verir. Əgər rəylər üst-üstə düşürsə, reabilitasiya kurslarına yönləndirilir”.
Zob da nitq geriliyinə səbəb olan faktorlardan biridir. Üstəlik, zobu olan uşaqlar həm əqli, həm də danışıq baxımından geri qalırlar: “İnsan orqanizmində ən mühüm hormonlar insulin və zob hormonlarıdır. Əgər zob zəif inkişaf edirsə, bütün orqanlar inkişafdan geri qalır. Bunun qarşısını almaq üçün uşaq anadan olan kimi topuq qanı alınır. Topuq qanı vasitəsilə 30-a yaxın xəstəliyə baxılır. Bununla bərabər, zoba da baxılır. Əqli gerilik hiss olunanda, danışıqda da gecikmə varsa, sonradan qarşısını almaq çətin olur”.
Ana bətnində oksigen çatışmazlığı, doğuş zamanı boğulma və yaxud ciddi travma da nitq geriliyə səbəb ola bilər. Bu halda nevropatoloqa müraciət etmək lazımdır. Yalnız nevropatoloq dəqiq diaqnoz qoyduqdan sonra ehtiyac olarsa, reabilitasiya müddəti müəyyənləşdirilir. “Nitq geriliyi müşahidə olunan uşaqları hər hansı dərman preparatları, siroplar, yaxud iynələr vasitəsilə müalicə etmək düzgün deyil. Bunun heç bir tibbi əsası yoxdur” deyən pediatr qeyd edib ki, əgər ciddi psixi və ya fiziki problem yoxdursa, o zaman uşaqların, sadəcə, sosial mühitə adaptasiya olunmasını təmin etmək lazımdır. Bunun üçün ən optimal variant uşağı bağçaya qoymaqdır. Necə deyərlər, “uşağı uşaq danışdırar”. Həmyaşıdları ilə bol ünsiyyət onun dil açmasına kömək edəcək.
Pediatr və nevropatoloqdan sonra köməyə psixoloqlar gəlir. Çünki uşağın gec dil açması psixi durumla da bağlı olar bilər. Psixoloq Aidə Nəbiyeva bildirib ki, uşaqların nitqi mərhələli şəkildə inkişaf edir. 9 ayına qədər uşaqlar hecaları, səsləri çıxarmalı, 9-12 aylarında ən azı 10 söz deməlidirlər. Tədricən söz ehtiyatı artır. Yaş yarımlıq uşaq çox sadə cümləni qurmağı bacarmalıdır. Ümumiyyətlə, 3 yaşına qədər müəyyən bir inkişaf dövrü keçilmiş olmalıdır: “3 yaşına qədər uşaq fikrini sərbəst ifadə etməyi bacarmalıdır. Yəni gördükləri haqqında danışmağı bacarmalı, getdiyi yerlər haqqında məlumat verməlidir. Bu dövrdə söz ehtiyatı 300-ə çata bilər. Mürəkkəb cümlələr qurur, bağlayıcıdan istifadə edirlər. Hətta xırda nağıllar belə danışa bilərlər”.
Bəzi hallarda uşaqların gec dil açması valideynləri o qədər də narahat etmir. Burada müəyyən genetik faktorlar əsas gətirilir. Məsələn, əgər qohumlar arasında nitq inkişafının ləngiməsi ilə qarşılaşan olubsa, bu, valideynlər üçün nümunə olur. Psixoloq qeyd edib ki, genetik faktoru danmaq olmaz, amma uşağın psixi inkişafını diqqətdə saxlamaq lazımdır: “Əgər uşaq verilən komandanı dəqiqliklə yerinə yetirir, göstərilən əşyanı göstərə bilir, amma danışa bilmirsə, bu halda narahat olmağa dəyməz. Adətən, bu tip uşaqlar gec dil açsa da, birdən və səlis danışırlar. Lakin psixi inkişafında problem olan uşaqlar danışmağa başlayanda problemlər bilinir. Həm sözləri düzgün demirlər, həm cümləni düzgün qurmurlar, həm də fikirlərini ifadə edə bilmirlər. Çünki psixi ləngimə nitqi də ləngidir”.
Uşağın həm əqli, həm də psixi durumunu yoxlamaq üçün xüsusi inkişaf testlərindən istifadə olunur. Bunu həm pediatrlar, həm də psixoloqlar edə bilər. Psixoloq həmçinin innovativ vasitələrin zərərini də vurğulayıb. Uşaq ağlayanda ona telefon, planşet kimi vasitələr vermək zamanla onun özünə qapanmasına səbəb ola bilər. Nitq geriliyi olan uşaqlarda bu hal müşahidə olunur. Psixoloqun sözlərinə görə, nitqin inkişafı üçün diqqət artıran, puzzle tipli, piramida şəkilli oyuncaqlardan istifadə etmək olar. Aidə Nəbiyeva əlavə edib ki, əgər yaş yarımlıq uşaq sadəcə hecalarla danışırsa, bu zaman hərəkətə keçmək lazımdır.
4-5 yaşında nitq geriliyi ilə mübarizə aparmaq bir qədər çətinlik yaradır. Defektoloq-loqoped Qönçə Ağayeva isə hesab edir ki, 2-3 yaşına qədər loqoped müdaxiləsi düzgün deyil: “3 yaşa qədər loqopedik müdaxilə olmamalıdır. Çünki 3 yaşa qədər nitqin inkişaf dövrüdür. Artikulyasiya orqanları da tam inkişaf etmiş olmalıdır. 3 yaşa qədər bu formalaşmır. İstənilən effekti almaq üçün mütləq bu dövr başa vurulmalıdır”.
Uşağın bioloji yaşı ilə zəka yaşı paralel inkişaf edirmi? Nitq geriliyi zamanı bu sual ilk sırada dayanır. Məhz bunun üçün loqopedlərlə psixoloqlar paralel işləyir. Öncə müəyyən testlər vasitəsilə uşağın inkişafı yoxlanır, daha sonra proqram təyin olunur: “3 yaşında uşağın zəka yaşını müəyyən etmək olar. Əgər geriləmə varsa, zəka yaşı müəyyən edildikdən sonra loqoped və psixoloq ayrı-ayrılıqda proqramı təyin edir. Loqoped isə 6 yaşa qədər həftədə 3 dəfə yarım saatlıq seans edir. Əgər uşağın inkişafında ciddi problem yoxdursa, həftədə bir dəfə də kifayət edə bilər”.
İlk növbədə düzgün nəfəs alma çalışmaları edilir. Paralel olaraq dil, çənə, yanaqların aktivləşdirilməsi üçün gimnastika edilir. Artikulyar masaj da proqramın tərkib hissəsidir. Valideynlərin rolu isə böyükdür. Onlar prosesdə iştirak edir və lazım olan məşğələləri ev şəraitində tətbiq etməyi öyrənirlər.
Araşdırma zamanı həm psixoloq, həm pediatr, həm də loqopedin eyni nüansı vurğulaması diqqəti cəlb edir. Müasir dövrdə uşaqlar televizor qarşısında çox otururlar. Telefon, planşet və digər vasitələr nitq geriliyinə səbəb olan və təəssüf ki, geniş yayılmış faktorlardan biridir. Məsələ burasındadır ki, bu cihazlar uşağın beyninin həddən artıq yüklənməsinə səbəb olur. İnformasiyanın normadan artıq qəbulu onun ətraf mühitlə əlaqəsinə təsir edir, dolayısı ilə uşaq ünsiyyət qurmağa çəkinir. Odur ki, mütəxəssislərin məsləhətini dinləməkdə fayda var. Övladlarınızla bol zaman keçirməyə çalışın. Onlara nağıl oxuyun, birlikdə oyun oynayın ki, övladlarınızın nitqi normal inkişaf etsin.