Türkiyə və Rusiya Hələb müzakirəsinə başlayır

Türkiyə və Rusiya rəsmiləri dekabrın 14-də Hələbdə baş verənləri müzakirə etmək üçün bir araya gələcəklər. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müzakirələrin hər iki ölkənin Xüsusi Xidmət Orqanlarının və Xarici İşlər Nazirliklərinin rəsmiləri arasında aparılacağı bildirilir.


"Reuters" isə görüşmədə ABŞ, İran, Rusiya, Avropa İttifaqı və Körfəz ölkələrinin - Səudiyyə Ərəbistanı və Qətərin də təmsil olunacağını yazıb. Bu barədə türkiyəli bir nümayəndənin məlumat verdiyi deyilir. Toplantıda Hələbdəki mülki vətəndaşların təxliyəsi məsələsi müzakirə ediləcək və şəhərdən çıxmaq istəyənlər üçün dəhliz açılması gündəmə gətiriləcək.

Toplantı barədə mətbuata danışan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə bu görüşün xüsusi bir yığıncaq kimi təşkil olunmadığını, belə görüşlərin mütəmadi olaraq keçirildiyini qeyd edib. Diplomat bu haqda xəbərlərin başqa mənbələrdən deyil, rəsmilərdən alınmasının tərəfdarı olduğunu bildirilib.

Qeyd edək ki, BMT də Hələbdə baş verənlərlə bağlı müraciət yayıb. Qurumdan tərəflərə mülki vətəndaşlara ziyan dəyməməsi üçün diqqətli olmaq məsləhət görülüb.

 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı