AZƏRBAYCANIN HƏRBİ BÜDCƏSİ növbəti dəfə artırılır!
Milli Məclisin 5 komitəsi 2014-cü ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrini müzakirə edib. APA TV-nin xəbərinə görə, Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Elman Mehdiyev gələn il fondun büdcəsinin formalaşmasında dövlət transferlərinin xüsusi çəkisi azaldılacaq. Fondun gələn il üçün gəlirləri 2 milyard 928 milyon manat, xərcləri 2 milyard 928, 5 milyon manat proqnozlaşdırılır: “Gəlirlərin 60.18%-i və ya 1 milyard 780,4 milyon manatı məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təşkil edəcək ki, bu da keçən ilə nisbətən 14, 19% çoxdur. Büdcədən maliyyələşən təşkilatlar tərəfindən ödəniləcək sosial sığorta haqları proqnozu 660, 4 milyon manat təşkil edir. Sosial sığorta daxilolmalar proqnozunun 62,9 %-i qeyri-büdcə təşkilatlarının payına düşür”.
Məruzəyə münasibət bildirən İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, son ildə Azərbaycan iqtisadiyyatının neftdən və qeyri-neft sektorundan asılılığı yetərincə azalıb.
Maliyyə naziri Samir Şərifov isə bildirib ki, 2014-ci ilin dövlət büdcəsinin 14,7 faizi hərbi sahəyə ayrılacaq. Bu isə ötən illə müqayisədə 1,1 faiz çoxdur. O qeyd edib ki, gələn ilin büdcəsi üçün xam neftin bir bareli üçün 100 dollar qiyməti əsas götürülüb: "2014-cü ilin dövlət büdcəsinin gəlirləri ÜDM-in 31,4%-i və ya 18 milyard 384 milyon manat həcmində nəzərdə tutulub. Dövlət büdcəsinin sosial yönümlü xərcləri 5 milyard 337 milyon təşkil edəcək ki, bu da əvvəlki illə müqayisədə 5,9% çoxdur. Neft Fondundan dövlət büdcəsinə transfer 2 milyard manatadək azaldılacaq.”.
Onun sözlərinə görə, 2014-cü ildə dövlət büdcəsindən sosial ipoteka üçün 40 mln. manat, «Aqrolizinq» ASC üçünsə 5 mln. manatın ayrılması nəzərdə tutulub.