Hələbdə insanlıq dramı yaşanır - BMT-DƏN AÇIQLAMA

BMT Suriyanın Hələb şəhərində baş verənlərdən narahatdır. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu qurumun İnsan Haqları üzrə ali kommisarı Rupert Colville açıqlayıb.


O, Əsəd qüvvələrinin şəhərdə ən azı 82 mülki vətəndaşı qətlə yetirdiyi barədə məlumata sahib olduğunu bildirib. Ölənlərin 11-nin qadın 13-nün uşaq olduğu iddia edilir.


Rupert Colville hazırda da qətliamların davam etdiyini bildirib və şəhərin dörd fərqli səmtinin bombalandığını deyib.


Hələbdə baş verənlərlə bağlı BMT-nin bu gün postundan gedən eks-rəhbəri Pan Gi Mun və onun mətbuat katibi Stefan Dujarriç də narahatlıqlarını vurğulayıblar.

 

Türkiyənin Anadolu Agentliyi də Hələb şəhərinin dörd məhəlləsində 100 min insanın qətliamla üz-üzə qaldığını yazıb. 6 kvadrat kilometr sahədə sıxışdırılan 100 min mülki şəxsin çıxmasına icazə verməyən Əsəd rejiminin Rusiya hərbi kontingentinin dəstəyi ilə güclü bombardman və hücumları davam etdirdiyi qeyd edilir.

 

Agentliyin Yaxın Şərq üzrə bürosundan Əsəd qoşunlarının kişiləri öldürərək qadınlarına və uşaqlarına təcavüz etdiyi iddia olunur. Ərləri öldürülən qadınların gizlənəcək yerlərinin qalmadığı və bu səbəbdən intihar etmək istədiyi bildirilir.


Sağ olan və mühasirəyə düşən kişilərin isə qadınlarını və uşaqlarını təcavüzdən qurtarmaq üçün onları öldürmək istədikləri və fətva gözlədikləri deyilir. Öldürülənlərdən bəzilərinin diri-diri yandırıldığı da iddia olunur.

 

Müxaliflərin əlində yalnız 4 məhəllənin qaldığını bildirilir. Mülki şəxslər Sukkari, Ənsari, Ard Sabbak ve Zarazir məhəllələrində gizləndikləri bildirilir.

Müəllif | Apa.Tv
Elvin Bayramlı