İsmayıllıda zəlzələ: 10-a yaxın kənddə evlərdə çatlar əmələ gəlib

İsmayıllı rayonunda iki güclü zəlzələ baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, zəlzələ dekabrın 13-də gecə saat 4:32 və 4:33-də Pirquludan 13 və 15 kilometr şimal-qərbdə İsmayıllı rayonu ərazisində qeydə alınıb.

 

Maqnitudası 4.5 olan və 9 kilometr dərinlikdə baş verən yeraltı təkanlar episentrdə 4 bal, İsmayıllının yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. Zəlzələ rayonun Lahıc, Basqal, Təzəkənd, Namazgah, Əhən, Diyallı, Tircan, eləcə də İsmayıllının şimal-şərqindəki dağlıq ərazilərdə yerləşən başqa yaşayış məntəqələrində daha çox hiss olunub, əhalinin təşvişinə səbəb olub. Bir çox insanlar həmin vaxt yatmış olsa da, yer silkələnməsi səbəbindən qorxaraq evlərini təşviş içində tərk edən, həkimə müraciət edən adamlar da olub.

 

Tircan və Diyallı kəndlərində bəzi evlərdə kiçik çatlar əmələ gəldiyi bildirilir. Torpaq sürüşməsinin aktiv olduğu bu kəndlərdə zəlzələnin fəsadları daha çox hiss olunub, sürüşmə zamanı bəzi tikililərdə yaranmış çatlar böyüyüb. Zəlzələ zamanı Diyallı kəndində 7 evə ziyan dəyib. Kənd sakinləri Sərvər Qinyətov, Bayram Abullayev və İlham Abdullayev APA TV-yə bildirib ki, onlara məxsus evlərdə böyük çatlar əmələ gəlib və hazırda ərazidə torpaq sürüşməsi aktivdir.

 

Tircan kəndində mənzillərin dağılmaq təhlükəli olmasa da, divarlarda çatlar əmələ gəlib və insanlar zəlzələdən sonra qorxudan səhərədək yatmayaraq oyaq qalıblar.

 

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Rövşən Ağayev APA TV-yə bildirib ki, zəlzələ səbəbindən İsmayıllının bir sıra kəndlərində evlərdə və yardımçı tikililərdə, hasarlarda xırda çatlar əmələ gəlib, dağıntı və tələfat yoxdur. O, hazırda sakinlərin müraciətlərinin qəbul edildiyini və komissiya tərəfindən araşdırma aparılacağını bildirib: “Torpaq sürüşməsinin aktiv olduğu kəndlərdəki bəzi evlərin divarlarında əvvəllər də çatlar əmələ gəlmişdi. Bu gün yer titrəyişindən sonra mənzillərdə yaranan fəsadları da araşdıracağıq”.

Müəllif | Apa.Tv
Elvin Yaqubov