Azərbaycan prezidenti İsrailin baş nazirini qəbul edib
İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri başlayıb.
APA TV-nin xəbərinə görə, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva baş nazir Benyamin Netanyahunu və xanımı Sara Netanyahunu qarşılayıblar.
Daha sonra prezident İlham Əliyevin və baş nazir Benyamin Netanyahunun təkbətək görüşü olub. Dövlət başçısı qonağı salamlayıb: "Cənab Baş nazir, Azərbaycana xoş gəlmisiniz. Sizi görməyimə çox şadam. İkinci dəfədir Azərbaycandasınız. Əminəm ki, səfər çox məhsuldar olacaq, münasibətlərimizi gücləndirəcək. Biz yanvarda Davosda görüşdük, indi isə Bakıda görüşürük. Əminəm ki, səfəriniz xoş keçəcək və yaxşı nəticələr əldə olunacaq".
İsrailin baş naziri yenidən Azərbaycanda olmaqdan məmnunluğunu dilə gətirib: "İkinci dəfə burada olmağıma şadam. Azərbaycanla İsrail arasında, Azərbaycan xalqı ilə yəhudi xalqı arasında möhkəm münasibətlər, yaxın dostluq var. Siz tolerantlıq, inklüzivlik ənənəsini qoruyub saxlamısınız. Yəhudilər özlərini burada çox rahat hiss edirlər. Sizinlə bizim aramızda ortaq dəyərlər var. Azərbaycanda yaşayan minlərlə yəhudi xalqlarımız arasında körpü rolunu oynayır. Ona görə də bizim müzakirə ediləsi çox məsələlərimiz var".
Prezident İlham Əliyev yəhudi icmasının Azərbaycan cəmiyyətindəki rolundan söz açıb: "Yəhudi icması bizim cəmiyyətimizin çox fəal hissəsidir və ölkənin inkişafına çox böyük töhfələr verir. Bu, həqiqətən də ikitərəfli münasibətlərimizdə çox mühüm amildir. Mən xalqlarımızın rifahının artırılması, hökumətlərimiz arasında bir çox sahələrdə - ticarət, texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsinin müzakirə olunmasını səbirsizliklə gözləyirəm".
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan-İsrail sənədlərinin imzalanması mərasimi olub.
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev və İsrail baş naziri Benyamin Netanyahu mətbuata bəyanatlarla çıxış ediblər.