Sevinc Babayevanın oğlu: “Gülər Əhmədova bizə 20 min dollar pul verdi” - MƏHKƏMƏ
Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmən prosesi davam etdirilir. APA-nı xəbərinə görə, prosesdə Sevinc Babayevanın oğlu Ayxan Məmmədov ifadə verib. O bildirib ki, Elşad Abdullayevlə olan pul söhbətindən sonra anasının G. Əhmədova ilə münasibətləri pisləşib: “Bir neçə ildən sonra anam dedi ki, Gülər ona zəng edib görüşmək istəyir. Mən də dedim ki, niyə görüşürsən, o neçə ildir ki, səninlə danışmır, babamın yasına da gəlmədi. Anam dedi ki, Elşadla olan pul söhbəti hər yerə yayılacaq. Bunu hamı bilsə, onun üçün də, Gülər üçün pis olacaq”.
Prosesdə Gülər Əhmədovanın suallarını cavablandıran Ayxan Məmmədov bildirib ki, E. Abdullayevin puluna görə anası ilə G. Əhmədova bir-birlərini telefonda söyüblər: “Gülər Əhmədova ilə görüşdən sonra anam gecə Türkiyəyə getdi. Sonra mən anamı Türkiyədə ziyarət edim. Orada məni Səlcuq Ağlayanın oğlu qarşıladı. Anam oradan Gülərlə “skayp”la danışırdı. Gülər xanım anama deyirdi ki, səbirli olsun. Anam xəstəydi, yeməyi belə yox idi. Ona bazarlıq etdim. Qayıdanda 500-600 dollar verdim”.
Ayxan Məmmədov bildirib ki, Gülər Əhmədova anasının Azərbaycana qayıtmasına razı olmayıb: “Mənə dedi ki, anan gələn kimi onu həbs edəcəklər. Soruşdum ki, nə üçün? Cavab verdi ki, bir neçə il əvvəl bir torpaq söhbəti olub”.
Ayxan Məmmədov anasının üzərində olan sənəddən istifadə edərək xəstəxanalarda yoxlamadan keçə bilmədiyini deyib: “Səlcuq mənə zəng edib dedi ki, anan xəstəxanadadır, vəziyyəti pisdir, 16 min dollar götür, gəl. Mən də nənəmi götürüb, Gülər xanımgilə getdim. Orada olanda Səlcuq mənə “Başın sağ olsun, anan rəhmətə getdi” məzmunlu mesaj yazdı. Mən də oradan çıxıb, prokurorluğa getdim. Bundan sonra Gülər Əhmədova nənəmə 20 min dollar verib. Həmin pul anamın yas mərasiminə xərcləndi”.
Ayxan Məmmədov Gülər Əhmədovanın anası ilə Elşad Abdullayevin arasını vurduğunu deyib: “Sən anamın çörəyinə bais oldun. Elşadla aralarını vurdun. Ona kimi anam universitetə tələbələr düzəldirdi”.
Proses davam edəcək.