Hələbin bombalanması dayandırıldı - TÜRKİYƏ ARAYA GİRDİ

Suriyanın Hələb şəhərinin bombalanması və Əsəd ordusunun keçirdiyi əməliyyatlar dayandırılıb. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, tərəflər atəşkəs barədə razılığa gəlib.
Hələbdə olan müxalif birliklərdən də xəbərin doğruluğunun təsdiqləndiyi deyilir. Şəhərdəki mülki vətəndaşların təxliyəsi üçün hazırlıqların başlayacağı bildirlir.
Dekabrın 13-ü yerli vaxtla saat 19:00-da başlayan danışıqların nəticəsi müsbət olub. Danışıqlarda Rusiya tərəfinin iştirak etdiyi qeyd olunur. Rusiyanın Suriyadakı hərbi komandanlığı ilə əldə olunan razılaşmaya görə, sakinlər tam təhlükəsiz şəkildə bölgədən çıxarılacaq.


Artıq şəhərin bombalanan və mühasirəyə alınan məhəllələrinə insanların daşınması üçün xüsusi nəqliyyat vasitələrinin - avtobusların göndərildiyi vurğulanır. Daha sonra isə müxalif döyüşçülərin təxliyəsinin təmin ediləcəyi deyilir.

"Əl-Cəzirə"nin məlumatına görə isə əldə olunan razılaşmanın Türkiyə və Rusiyanın araya girməsi ilə baş tutduğu iddia olunur. Bəzi xəbər agentlikləri isə şəhərdə son gün ərzində əsl cəhənnəm yaşandığını yazıb.

Çəkilişlərin aparılmasının belə mümkün olmadığı hadisə yerindən bəzi görüntülər yayımlanıb.


Bombardmandan sonra bədəni yanan bir qadının dəhşətli qışqırtısı, küçələrdə ölümə tərk edilmiş yaralılar və qalaqlanmış meyitlər baş verənlərin son dərəcə dəhşətli olmasına sübutdur.

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə