Prezident: "İsraillə hərbi sahədə imzalanmış müqavilələrin dəyəri 5 milyard dollara yaxındır"
“İndiyədək Azərbaycan və İsrail şirkətləri tərəfindən müdafiə avadanlığının alınması ilə bağlı imzalanmış müqavilələrin dəyəri 5 milyard dollara yaxındır”. APA TV-nin məlumatına görə, bunu prezident İlham Əliyev sənədlərin imzalanması mərasimindən sonra İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə mətbuata bəyanatla çıxışı zamanı deyib.
Dövlət başçısı iki ölkənin bir çox sahələrdə əməkdaşlıq etdiyini bildirib: “Bu gün imzalanmış sənədlər əməkdaşlığımız üçün çox böyük potensialın olduğunu açıq-aydın göstərir. Sənədlərin hamısı çox vacibdir. Mən onların arasında ikitərəfli əməkdaşlığın çox səmərəli mexanizmi olan birgə iqtisadi komissiyanı yaratmağa imkan verəcək sənədin əhəmiyyətini vurğulamaq istərdim. Əminəm ki, bu, ticarət dövriyyəsini artırmağa və onu şaxələndirməyə kömək edəcək. Ticarət dövriyyəsi yaxşı səviyyədə olsa da, bu, əsasən Azərbaycandan İsrailə neft ixracına görədir. Biz bunu şaxələndirmək və artırmaq üçün işləməliyik”.
Prezident ikitərəfli əlaqələr, regional inkişaf ilə bağlı çox geniş spektrli məsələlərin müzakirə edildiyini bildirib və yeni müzakirələrin də çox açıq, dostluq şəraitində keçdiyini vurğulayıb: “Biz, həmçinin müdafiə sənayesi sahəsində fəal əməkdaşlıq edirik və bu əməkdaşlıq artıq bir neçə ildir davam edir. Bu əməkdaşlığın nə dərəcədə geniş olduğunu göstərmək üçün bir rəqəmi diqqətinizə çatdıracağam. İndiyədək Azərbaycan və İsrail şirkətləri tərəfindən müdafiə avadanlığının alınması ilə bağlı imzalanmış müqavilələrin dəyəri 5 milyard dollara yaxındır, daha dəqiq desək, 4 milyard 850 milyon dollardır. Bu müqavilələrin çox böyük hissəsi artıq həyata keçirilib. Biz hələ də bunun üzərində işləyirik və bu əməkdaşlığın səviyyəsindən çox razıyıq”.
Dövlət başçısı bu müzakirələrin ikitərəfli əlaqələri gücləndirməyə kömək edəcəyini qeyd edib.