ABŞ: Rusiya ilə Türkiyə anlaşıb, Əsədə dəstək dayandırılmalıdır

ABŞ Xarici İşlər Nazirliyindən Hələbdə atəşkəsin əldə edilməsində onların bir rolunun olmadığı açıqlaması verilib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə nazirliyin rəsmisi Con Kirbi keçirdiyi ənənəvi mətbuat konfransında bildirib.


"Bu Rusiya ilə Türkiyənin birgə çalışmasından və anlaşmalarından sonra baş verib. Atəşkəsə tezliklə əməl olunacağına ümid edirik. Biz onların bu addımı atacaqlarından da xəbərsiz olmuşuq. Amma istənilən halda sülh naminə atılan addımı dəstəkləyir və alqışlayırıq", - deyə Kirbi əlavə edib.

"ABŞ-ın artıq Suriya məsələsində rolu tükəndimi?" sualına isə Con Kirbi belə cavab verib:

"Belə düşüncəni rədd edirəm, ABŞ-ın ümumiyyətlə liderliyinin bitdiyindən söhbət gedə bilməz".

Kirbi Con Kerri ilə Sergey Lavrovun Suriya məsələsi ilə əlaqədar tez-tez dialoqa girdiyini və müzakirələrin davam etdiyini də qeyd edib.

"Lavrov sizi baş verənlərdən xəbərdar edə bilərdi" sualına isə Kirbi "Hələbdə baş verənləri əks etdirən fotoları görmək o qədər üzücü idi ki, yəqin buna heç kəs vaxt tapmayıb və biz, əlimizdə telefon heç kəsdən zəng gözləmək məcburiyyətində deyilik", deyə Kirbi cavab verib.

Con Kirbi Suriya böhranın siyasi yolla həllinin tərəfdarı olduqlarını bir daha dilə gətirib:

"Baş verənlər bir daha bizim haqlı olduğumuzu ortaya qoyur. Hələbdə son gün baş verənləri bütün dünya gördü, insanlar küçənin ortasında öldürüldülər", - deyə Kirbi bildirib.

O, İran və Rusiyaya səslənərək Əsəd rejiminə dəstək verilməsinə son qoyulmasının vacibliyini qeyd edib. 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə