ABŞ neft ehtiyatlarını açıqladı - NEFT UCUZLAŞDI
ABŞ-ın neft ehtiyatlarının artması ilə xam neftin qiymətində az da olsa, ucuzlaşma qeydə alınıb.
APA TV-nin xəbərinə görə, "Brent" markalı neft ötən gün səhər saatlarında 55,70 dollardan təklif olunurdusa, axşam saatlarında birjalarda bu markadan olan neft bahalaşaraq 56,38 dollara satılıb. Hazırda "Brent" nefti 1 dollardan çox ucuzlaşaraq 55,05 dollardan təklif olunur.
Qərbi Texas neftinin qiyməti də ötən günə nisbətən ucuzlaşıb. WTİ nefti hazırda 52,35 dollardan satılır. Ötən gün səhər seanslarında bu markadan olan neftin qiyməti 52,82 dollar olub.
Neftin qiymətlərini qaldırmaqdan ötrü OPEK hasilata kvota qoymaq barədə razılığa gəldikdən sonra ABŞ neft ehtiyatlarını açıqlamaqla qiymətlərin yenidən azalmasına səbəb olub. Amerika Neft İnstitutunun açıqlamasına görə, ehtiyatlar 4,68 milyon barel artıb. Bu gün xam neftin həcmi rəsmi olaraq yenidən açıqlanacaq. Ehtiyatların azalacağı gözlənilir. Bu baş versə, qiymətlər yenidən bahalaşacaq. Əks təqdirdə, ucuzlaşma baş verəcək.
Qeyd edək ki, OPEK ölkələrinin 8 ildən sonra 30 noyabrda hasilatı azaltma barədə razılığa gəlməsi ilə neft 16 faiz bahalaşıb. Eyni zamanda kartel üzvü olmayan 11 ölkə ilə əldə olunan razılıq bu qərarı gücləndirib. Anlaşmaya qoşulan OPEK üzvü olmayan ölkələr ümumilikdə neft hasilatının 60 faizinə sahibdir.