ABŞ admiralı: "Çinlə qarşı-qarşı gəlməyə hazırıq" - MÜHARİBƏ TƏHLÜKƏSİ
Çin Cənub Çin dənizində bəzi ərazilərə iddialarını davam etdirsə, ABŞ onunla qarşı-qarşıya gəlməyə hazırdır. APA-nın “Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Sakit Okean Hərbi Donanmasının komandanı, admiral Herri Harris bildirib.
“Birgə istifadə olunan ərazinin kiminsə tərəfindən birtərəfli qadada bağlanılmasına imkan verə bilmərik. Biz bacardığımız qədər əməkdaşlıq edəcəyik, lakin lazım olsa, qarşı-qaşıya gəlməyə hazırıq” - deyə o qeyd edib.
ABŞ admiralının bəyanatının prezident seçkilərində qalib gəlmiş Donald Trampın Tayvan prezidenti ilə telefon danışığından sonra Çinlə gərginləşmiş münasibətləri bir az da gərginləşdirəcəyi gözlənilir.
ABŞ rəsmilərinin iddialarına görə, son 3 il ərzində mübahisəli ərazilərdə liman, təyyarə anqarları və digər infrastruktur inşa edən Çin 1300 hektar ərazini tutub. Həmin ərazilərdə həmçinin 5 trilyon dollar dəyərində təbii ehtiyatların olduğu ehtimal edilir. Bruney, Malayziya, Filippin, Tayvan və Vyetnamın da bu ərazilərə iddiaları var.
Qeyd edək ki, Haaqa Arbitraj Məhkəməsinin ilin əvvəlində çıxardığı qərarla Çinin adıçəkilən ərazilərə irəli sürdüyü iddialarının əsassız olduğu elan edilib.