Lökbatan-Qobu avtomobil yolu yenidən qurulur
Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq Bakı şəhərinin Qaradağ rayonunda Lökbatan-Qobu avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb.
APA TV-nin xəbərinə görə, yolun uzun müddət təmir edilməməsi səbəbindən asfalt-beton örtük dağılıb və qabarmış hissələr yaranıb. Bu isə xüsusən payız-qış mövsümündə gediş-gəlişi xeyli çətinləşdirir. Artıq bu problemin aradan qaldırılması istiqamətində işlərə başlanılıb.
Lökbatan-Qobu avtomobil yolunun uzunluğu 7.2 km, yolun hərəkət hissəsinin eni bərkidici zolaqlarla birgə 7 m təşkil edir. Layihəyə əsasən, 50 min kv. m ərazinin asfaltlanması planlaşdırılır. Hər bir istiqamət üzrə 1.5 m enində çiyinlərin tikintisi işləri də aparılacaq. Hazırda yolun 1.6-2-ci km-lik hissəsində 450 m uzunluğunda istinad divarlarının inşası da aparılır.
Yolun altından suların ötürülməsi üçün 3 yerdə 1200 mm diametrində borulardan istifadə edilməklə və ümumi uzunluğu 36 m olan dəmir-beton su keçidlərinin, həmçinin 2 yerdə 500 mm diametrində dəmir borulardan istifadə edilməklə suötürücü boruların tikintisi işləri aparılıb.
Yolda tikinti işləri bitdikdən sonra yol boyu avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün piyada zolaqlarının, yolgöstərici və yolcizgi xətlərinin çəkilişi işləri aparılacaq, zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq.
Qeyd edək ki, sözügedən yolun tikintisi ilə 2 yaşayış məntəqəsinin 47 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq, yük və sərnişin daşıması yaxşılaşacaq.