Nazirlik: Vergi ödəyicilərinin müraciətlərinə 3 dəfə tez baxılacaq

Bu gün Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində (BVD) KİV nümayəndələri üçün "Açıq qapı günü" keçirilib.

 

APA TV xəbər verir ki, tədbir BVD-nin vergi ödəyicilərinə xidmət mərkəzi ilə tanışlıqdan başlayıb.

 

Mətbuat nümayəndələrinə xidmət mərkəzinin əsas fəaliyyət istiqamətləri, iş prinsipləri və s. barədə ətraflı məlumat verilib. Bildirilib ki, lazımi maddi texniki baza ilə təmin olunan mərkəz ötən il vergi ödəyicilərinin istifadəsinə verilib. Xidmət Mərkəzində vergi ödəyicilərinə mövcud vergilər, onların hesablanması və ödənilməsi qaydaları, ödəyicilərin və vergi orqanlarının hüquq və vəzifələri, qanunvericiliyin tətbiqi məsələləri, bəyannamələrin təqdim olunması müddətləri, vergi güzəştlərindən istifadə imkanları, vergi borcu haqqında ətraflı məlumatlar verilir, vergi xidmətləri göstərilir.

 

Sonra KİV nümayəndələri üçün şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyicilərinə "Yaşıl dəhliz" prinsipi ilə göstəriləcək xidmətlərlə bağlı təqdimat keçirilib.

 

Vergilər nazirinin müşaviri, Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəis əvəzi Ələkbər Məmmədov bildirib ki, görüşün məqsədi ictimaiyyəti Vergilər Nazirliyinin vergi sahəsində həyata keçirdiyi islahatların davamı olan yeni "Yaşıl dəhliz" layihəsi ilə tanış etməkdir. Onun sözlərinə görə, prezident İlham Əliyevin "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətlərinin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi  haqqında" sərəncamı vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması, sahibkarlara əlverişli şəraitin yaradılması məqsədilə vergi sistemində islahatların davam etdirilməsini, ölkədə könüllü əməletmə səviyyəsinin yüksəldilməsinə nail olunmasını nəzərdə tutur. Bu istiqamətdə görülən işlər çərçivəsində şəffaf vergi partnyorluğu prinsipi əsasında fəaliyyət göstərən vergi ödəyiciləri ilə aparılacaq işlərin, onlara göstəriləcək xidmətlərin müəyyən edilməsi üçün vergilər naziri Fazil Məmmədovun əmri ilə müvafiq qaydalar təsdiq edilib. Bu qaydalar şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyicilərinin müəyyən edilməsi meyarlarını, onlara göstəriləcək xidmətləri və digər məsələlər üzrə prosedurları tənzimləyir. Bildirilib ki, vergi ödəyiciləri "Partnyor vergi ödəyicisi statusu"na malik olmaq üçün bir sıra meyarlara cavab verməlidir. Belə ödəyicilər ilk növbədə vergi hesabatlarını vaxtlı-vaxtında təqdim etməli, vergiləri tam həcmdə və vaxtında ödəməli, işçilərinin sayını və onların əmək haqlarını düzgün bəyan etməli, gücləndirilmiş elektron imzaya sahib olmalı, mühasibat uçotunu beynəlxalq və ya milli uçot standartlarına uyğun, yazışmaları isə əsasən elektron şəkildə aparmalıdırlar.

 

Ə.Məmmədovun sözlərinə görə, koordinasiya işlərinin təşkili məqsədilə hər bir partnyor ödəyici üçün aidiyyəti vergi strukturundan kuratorlar ayrılacaq. Kuratorlar partnyor ödəyicilərin müraciəti əsasında onlara ünvanlı xidmətlər göstərəcəklər. Partnyor vergi ödəyicilərinin siyahısı, onların razılığı əsasında, mütəmadi olaraq açıqlanacaq. Bu, digər vergi ödəyiciləri üçün də nümunə olacaq və onlar intizamlı vergi ödəyicisi olmağın üstünlüklərini aydın şəkildə görə biləcəklər.

 

İlkin mərhələdə Bakı şəhərində belə tələblərə cavab verən ödəyicilərin sayının 400-dən çox olduğunu bildirən vergilər nazirinin müşaviri, hazırda yerli vergi orqanlarında analoji qurumların yaradılması ilə bağlı təkliflər hazırlandığını və yaxın vaxtlarda həmin təkliflərin müzakirəyə çıxarılacağını diqqətə çatdırıb.

 

Ə.Məmmədov qeyd edib ki, "Yaşıl dəhliz" layihəsinin uğurlu tətbiqi ölkədə investisiya və biznes mühitinin yaxşılaşdırılmasına, könüllü vergi ödənişinin artmasına və cəmiyyətdə vergi mədəniyyətinin yüksəlməsinə səbəb olacaq.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı