"Fövqəladə hallar uşaqların gözü ilə" uşaq yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırıldı
Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında "Fövqəladə hallar uşaqların gözü ilə" VI Respublika uşaq yaradıcılıq müsabiqəsi qaliblərinin sərgisi və mükafatlandırılma mərasimi keçirilib.
APA TV-nin xəbərinə görə, müsabiqə FHN-in təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə baş tutub.
Mükafatlandırma mərasimindən əvvəl fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və təhsil naziri Mikayıl Cabbarov sərgi ilə tanış olublar.
Tədbirdə bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd uşaqlara təhlükəsiz həyat fəaliyyətinin əsaslarının öyrədilməsi, istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsi, fövqəladə hallarla bağlı problemlərə ictimaiyyətin diqqətini yönəltmək olub.
Bütün şəhər və rayonların ümumtəhsil məktəblərinin iştirak etdiyi Respublika uşaq yaradıcılıq müsabiqəsi rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon və ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilib.
Rayon və şəhər müsabiqələrinin yekunları üzrə Təşkilat Komitəsinə 498 rəsm, 250 plakat, 222 əl işi, 215 yanğın və qəza-xilasetmə texnikasının modeli və 149 yumşaq oyuncaq təqdim olunub.
Müsabiqəyə təqdim olunmuş işlər Təşkilat Komitəsi tərəfindən qiymətləndirilib, 40 rəsm, 38 plakat, 33 əl işi, 20 yanğın və qəza-xilasetmə texnikasının modeli və 13 yumşaq oyuncaq mükafata layiq görülüb.
Daha sonra qaliblər mükafatlandırılıb.
Qaliblərə FHN və Təhsil Nazirliyinin "Fəxri fərman" və diplomları təqdim olunub, İncəsənət Gimnaziyasının, Respublika Uşaq Yaradıcılıq Mərkəzinin şagirdləri rəqs və musiqi nömrələri ilə çıxış ediblər.