Məleykə Abbaszadə: “İki ildən sonra XI siniflər üçün buraxılış imtahanının qaydaları dəyişəcək”

“Azərbaycanda imtahanların ödənişli olması üçün Dövlət İmtahan Mərkəzinin xidmətləri Tarif Şurasının müvafiq siyahısına daxil edilməlidir. Nazirlər Kabineti tərəfindən müvafiq qərar verildikdən sonra yeni xidmətlər ictimaiyyətə açıqlanacaq”.

 

APA TV-nin xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları” ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

 

O qeyd edib ki, bu prosesləri hüquqi müstəviyə keçirmək üçün Nazirlər Kabinetinin qərarı lazımdır: “Prezidentin aprel ayında Dövlət İmtahan Mərkəzi ilə bağlı müvafiq fərmanı var idi. Nazirlər Kabinetinə göstəriş verilib ki, bütün qanunlar və normativ sənədlər yeni fərmana əsasən uyğunlaşdırılsın. İlk olaraq bu uyğunlaşdırma aparılmalıdır. Bundan sonra artıq yeni funksiyalarımızın necə icra olunacağı müəyyənləşəcək və bu sahədə legitimlik yaranacaq. Daha sonra ictimaiyyətə yeniliklər barədə açıqlama verə biləcəyik”.

 

Məleykə Abbaszadə bildirib ki, bu il IX siniflər üzrə buraxılış imtahanları yeni qaydalar əsasında aparılacaq. XI siniflər üzrə buraxılış imtahanlarında isə heç bir dəyişiklik edilməyib.

 

XI sinfin buraxılış imtahanları ötənilki modelə əsasən aparılacaq. Onun sözlərinə görə, XI sinifdə buraxılış imtahanı verən şagirdlər qəbul imtahanında iştirak etmədən V qrup üzrə orta ixtisas təhsili müəssisələrini, o cümlədən qabiliyyət tələb edən ixtisasları seçə biləcəklər: “Gələn il də buraxılış imtahanında dəyişiklik olmayacaq. Amma iki ildən sonra XI sinfi bitirənlər yeni qaydalarla imtahan verəcəklər. Bu dəyişiklik hazırda X sinif şagirdlərinin kurrikulumla oxuması ilə əlaqədardır. O zaman qaydalar dəyişəcək. Dəyişikliklərin hansı formada olacağını indidən demək çətindir”.

 

Şura sədri bildirib ki, bu ildən ilk dəfə olaraq Azərbaycanda IX sinif şagirdləri üçün sınaq imtahanları təşkil olunacaq. Şagirdlər imtahan.az saytında qeydiyyatdan keçərək sınaq imtahanlarında iştirak edə bilərlər.

 

M.Abbaszadə qeyd edib ki, 2016-2017-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramları (kurrikulumları) üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) yeni qaydalar əsasında həyata keçiriləcək.

  

Müəllif | Apa.Tv
Almaz Qasımova