Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı ATƏT-in Minsk qrupuna müraciət oluna bilər
Beynəlxalq Mətbuat Mərkəzində “Dilqəm və Şahbazı ziyarət et, həqiqəti gözünlə gör!” mövzusunda mətbuat konfransı keçirilib.
APA TV-nin xəbərinə görə, tədbirdə millət vəkilləri, ayrı-ayrı partiyalar və QHT-lərin nümayəndələri iştirak ediblər.
Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, 2014-cü ilin iyul ayında Kəlbəcərdə girov götürülmüş mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələyə son zamanlar diqqət artıb. Özəlliklə Avropada keçirilən görüşlər bunun bariz nümunəsidir: “Müvafiq qurumlara nə qədər müraciət olunsa da, bu məsələ nə qədər gündəmdə olsa da, hələlik həmin insanlarla əlaqə yalnız Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən həyata keçirilir. Nadir hallarda onların məktubları ailələrinə çatdırılır. Ancaq onların vəziyyəti necədir? Hansı şəraitdə yaşayırlar? Əlbəttə, yaxşı deyil. Bu, nə onların yaxınlarına, nə Azərbaycanın rəsmilərinə məlum deyil. Dəfələrlə təkidlə tələb olunub ki, beynəlxalq jurnalistlərdən ibarət qrup yaradılsın. Onlarla görüş təşkil olunsun. Erməni tərəfi isə belə görüşə razı olmayıb. Fərəhləndirici haldır ki, son zamanlar bu məsələyə diqqət artıb. Həm Avropada, həm də Azərbaycanda”.
Millət vəkili Xanhüseyn Kazımlı Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması istiqamətində birlik olmasının əhəmiyyətini qeyd edib: “Ümumiyyətlə, mənə elə gəlir ki, bu, Azərbaycan xalqının problemidir. Bu, prezidentimizin problemi deyil. Çünki prezident səviyyəsində həll olunur. Siyasi partiyalar, QHT-lər, qələm adamları, KİV nümayəndələri bu məsələyə diqqət yetirməlidirlər”.
D.Əsgərov və Ş.Quliyevin Hüquqlarını Müdafiəsi Komitəsinin sədri Əlövsət Ağalarov Ukraynaya səfəri barədə məlumat verib: “Bu yaxınlarda Kiyevdə Ukrayna Birləşmiş Diasporunun IV forumu oldu. Orada bizim müraciət oxundu. Ukraynanın 90 vilayətindən gəlmiş nümayəndələrə müraciətin surəti paylandı. Növbəti səfərlərimiz Ukrayna, Rusiyaya və Türkiyəyədir”.
Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Gürcüstan, Rusiya və Türkiyədə görüşlərin keçirilməsinin önəmli olduğunu qeyd edib.
Millət vəkili, politoloq Elman Nəsirli məsələ ilə bağlı ATƏT-in Minsk qrupuna müraciət olunmasını təklif edib.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da Dağlıq Qarabağ məsələsi ilə bağlı danışıqlarda bu məsələyə diqqət çəkilməsinin önəmini qeyd edib.
Konfrans çıxışlarla davam edib.