İran Hələb atəşkəsi ilə bağlı yeni şərtlər irəli sürdü

İran Suriyanın Hələb şəhərində atəşkəs üçün yeni şərtlər irəli sürüb. APA TV-nin məlumatına görə, bunu müxaliflər və adının açıqlanmağını istəməyən BMT rəsmisi bildirib.

 

İran İdlibdə müxaliflərin mühasirəsi altındakı Fua və Kefreyyada olan mülki vətəndaşların Hələb sakinləri ilə eyni zamanda təxliyə edilməsini istəyir.

 

Fua ve Kefreyya İdlib vilayətində müxaliflərin mühasirəsində olan iki şiə qəsəbəsidir. İran daha öncə Dəməşqin yaxınlığında yerləşən və Hizbullah tərəfindən mühasirəyə alınan Madaya və Zebadani bölgələrinə yardımın çatdırılmasına icazə vermək qarşılığında Fua ve Kefreyyaya da eyni miqdarda yardım göndərilməsini istəyib.

 

Bəşər Əsəd Rusiya telekanalına atəşkəsdən sonra verdiyi açıqlamada qərbin mülki şəxslərdən çox "terrorçuları" qurtarmağa çalışdığını bildirib. "Rusiyadan Suriya ordusunun dayandırılmasını istəməklərinin səbəbi sakinlər deyil. Ordumuzun terrorçuları məğlubiyyətə uğratmaq üçün daha irəli getdiyini deməyə çalışırlar".

 

BMT-nin Suriya üzrə Xüsusi Nümayəndəsi Steffan de Mistura Hələbin şərqində 50 min sivil, 1500-ə yaxın müxalif döyüşçünün olduğunu bildirmişdi. Mistura silahlıların 30 faizinin "Ən Nusra" döyüşçüləri olduğu qeyd edib.

 

Atəşkəs anlaşmasında önəmli rol oynayan Türkiyə Hələbdən qaçan mülki əhali üçün İdlibdə çadır şəhərcik qurur. Baş nazirin müavini Mehmet Şimşək "twitter" hesabından 80 minlik şəhərciyin tikiləcəyini bildirib. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı