Bakıda aptekdən oğurluq etmək istəyən şəxs yaxalandı

Dekabrın 13-də gecə saatlarında Nəsimi Rayon Mühafizə İdarəsi (RMİ) əməkdaşları tərəfindən xüsusi vasitələrlə qorunan Nəsimi rayonu Ceyhun Səlimov 7 ünvanında yerləşən aptekdən Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.

 

APA TV-nin xəbərinə görə, dərhal hadisə yerinə yollanan rayon mühafizə idarəsinin operativ qrupu aptekin giriş qapısının sındırıldığını və bir nəfər naməlum şəxsin obyektə daxil olduğunu aşkar ediblər.

 

Həmin şəxs Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşlarını görüb hadisə yerindən qaçmağa cəhd göstərən zaman polislərin çevikliyi sayəsində saxlanılaraq ərazi üzrə 20-ci Polis Bölməsinə təhvil verilib.

 

Bölmədə aptekdən oğurluğa cəhd edənin şəxsiyyətinə aydınlıq gətirilib və onun üzərindən obyektin dəmir barmaqlıqlarını qırmaq üçün istifadə etdiyi alətlər, eləcə də kassadan oğurladığı pullar maddi sübut kimi götürülüb.

 

Nəsimi RMİ-nin rəis müavini Sahib Vəliyev bildirib ki, həmin şəxs əvvəllər də dəfələrlə oğurluq etdiyinə görə məhkum edilmiş Bəkirov Surac Nurəddin oğludur. Saxlanılan zaman üzərindən küt alətlər və 1100 manat pul aşkar olunub.

 

Saxlanılan şəxsin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun həmin gecə rayon ərazisində Mərdanov Qardaşları küçəsi-98 ünvanında yerləşən daha bir aptekdən də oğurluğa cəhd etdiyi müəyyən edilib.

 

Vətəndaşların mənzillərinin, həmçinin fiziki və hüquqi şəxslərin obyektlərinin texniki vasitələrlə mühafizəsi cinayətkarlıqla mübarizədə əvəzsiz profilaktik tədbir olduğundan bu sahə DİN rəhbərliyinin daim diqqət mərkəzindədir.

Müəllif | Apa.Tv