Bəşər Əsəd: Trampla müttəfiq ola bilərik

Suriya prezidenti Bəşər Əsəd ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın ölkəsinin müttəfiqi rolunda çıxış edəcəyini istisna etməyib. Əsəd “Rossiya-24” telekanalına müsahibəsində bildirib ki, seçkiöncəsi kampaniya zamanı Trampın terrorçuluqla mübarizə məsələləri ilə bağlı söylədikləri dəqiq və aydın olub.

 

“Təbii ki, bu, yaxşıdır. Lakin hər şey Trampın bu istiqamətdə hərəkət etməsi ilə bağlı iradəsindən asılıdır. Əgər o, bütün maneələri aşa bilsə və doğrudan da terrorçuluğa qarşı addımlar atsa, düşünürəm ki, bizim təbii müttəfiqimizə çevrilə bilər”.

 

Bəşər Əsəd deyib ki, təkcə Suriya üçün yox, bütün dünya üçün ən böyük təhlükə ekstremizmin təbliğidir və bu gün bunun qarşısında heç bir maneə yoxdur.

 

“İdeologiya çox təhlükəlidir. O, sərhəd, siyasi əngəl tanımır və beynəlxalq şəbəkə öz ideologiyasının yayılması üçün ucuz vasitələrdən istifadə edən terrorçulara kömək edib. Onlar istənilən ailəyə, dünyanın, Avropanın, sizin ölkənizin, mənim ölkəmin istənilən yerinə soxula bilirlər”.

 

Bəşər Əsəd təəssüfləndiyini bildirib ki, savadlı ailələrdən çıxan gənclərin ekstremistlərə qoşulması terrorizm ideologiyasının güclülüyündən xəbər verir.

 

Suriya prezidenti xəbərdarlıq edib ki, qarşı tərəf təslim olana qədər hökumət qoşunları hərbi əməliyyatları dayandırmayacaq.

 

Müəllif | Apa.Tv