Beynəlxalq mətbuat: Hələbdə atəşkəsi şiə qruplaşmalar pozur

Hələbdən dinc əhalini təxliyə edən avtobusları müşayiət edən ambulanslara atəş açılıb. APA TV-nin məlumatına görə, nəticədə bir nəfər mülki şəxs ölüb, 4 nəfər yaralanıb.

 

Türkiyə mətbuatı konvoya İranın dəstəklədiyi şiə qruplaşmaları tərəfindən atəş açıldığını yazıb. Bu, Hələbdəki müxalif mənbələr tərəfindən də təsdiqlənib. BBC isə bundan sonra ilk konvoyun geri döndüyünü bildirib.


Suriya İnsan Haqları Monitorinq Mərkəzi səhər saatlarında Hələbdən xəstələri daşıyan ilk konvoyun yola çıxdığını bildirmişdi. Bir saat içində 600 yaralının təxliyə olunacağı qeyd olunurdu. 

 

Rusiya Müdafiə Nazirliyi isə rus hərbçilərin İdlibə göndəriləcək müxalifləri müşayiət etməyə hazırlaşdığını açıqlayıb.

 

Qeyd edək ki, müxalif mənbələrin "Al-Jazeera"yə istinadən verdiyi məlumatda Türkiyə ilə Rusiyanın razılaşaraq əldə etdiyi ötən günkü atəşkəsin də İran tərəfindən pozulduğu qeyd olunur. Müxaliflər dünənki hücumun da şiə qruplaşmalarının yerləşdiyi bölgədən edildiyini bildirib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı