Obama İrana qarşı sanksiyaları imzalamadı, amma...
ABŞ İrana qarşı sanksiyalar haqqında qanunu daha 10 il uzadıb. APA TV-nin məlumatına görə, ABŞ prezidenti Barak Obama İrana qarşı sanksiyaların müddətinin 10 il uzadılmasına dair qanun layihəsini imzalamaqdan imtina edib.
Birləşmiş Ştatların qanunlarına görə, 10 gün ərzində prezident Barak Obama ABŞ Konqresinin İran əleyhinə sanksiyaların uzadılmasına dair qəbul etdiyi qanun layihəsini ya imzalamalı, ya da rədd etməli idi. Lakin prezident bunların heç birini etmədiyindən, sənəd avtomatik olaraq qüvvəyə minib.
AĞ Evdən verilən açıqlamaya görə, Obama Administrasiyasının müvafiq sanksiyaları rədd etməyə dair səlahiyyətləri var və prezident bundan istifadə edib.
Obamanın sənədə qol çəkməkdən imtina etməsi prezidentin Konqresin qərarı ilə razılaşmadığını göstərir. Ağ Evdə hesab edirlər ki, sanksiyanın uzadılması vacib addım sayılmır, rəsmi Vaşinqton İrana təzyiq etmək üçün digər vasitələrdən də istifadə edə bilər.
Qeyd edək ki, sənəd dekabrın 15-də gecəyarısı qüvvəyə minib. Məsələyə münasibət bildirən İranın xarici işlər naziri Məhəmməd Zərif isə bildirib ki, bu addım ABŞ-ın öz üzərinə düşən öhdəlikləri yerinə yetirə bilmədiyini göstərir.
Xatırladaq ki, 2015-ci ilin iyulunda Vyanada İranın nüvə proqramı üzrə birgə fəaliyyət planı razılaşdırılmışdı. Bu il yanvarın 16-da BMT, ABŞ və Avropa İttifaqı İrana onun nüvə proqramı ilə bağlı tətbiq olunmuş iqtisadi və maliyyə sanksiyalarını ləğv etmişdilər.